Rusiya–Azərbaycan–Ermənistan marşrutu üzrə digər yüklərin daşınması məsələsi aktiv şəkildə müzakirə olunur.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya Baş nazirinin müavini Aleksey Overçuk açıqlama verib.
Overçuk bildirib ki, Rusiya buğdasını daşıyan ilk qatarın Azərbaycan və Gürcüstan ərazisindən tranzitlə Ermənistana göndərilməsi son dərəcə mühüm hadisədir. Onun sözlərinə görə, bu, Ermənistan və Azərbaycanın müstəqillik əldə etməsindən sonra – son 30 ildən artıq müddətdə – bu marşrut üzrə ilk belə daşımadır.
“Bu gün bu, artıq reallığa çevrilib. Əvvəlcə Rusiya buğdası göndərildi, ardınca Qazaxıstan buğdası daşındı. Hazırda isə bu xətt üzrə digər yüklərin də göndərilməsi müzakirə olunur”, – deyə Rusiya Baş nazirinin müavini qeyd edib.
O xatırladıb ki, bir müddət əvvəl Azərbaycanın Ermənistana neft məhsulları tədarükü ilə bağlı məlumatlar da yayılmışdı. Overçukun sözlərinə görə, bu faktlar regionda real və dərin dəyişikliklərin baş verdiyini göstərir.
Rusiya rəsmisi iddia edib ki, bu proseslərdə 2020-ci il 9–10 noyabr tarixli Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında imzalanmış üçtərəfli bəyanat həlledici rol oynayıb. Həmin razılaşma ilə müharibə dayandırılıb və ölkələr arasında əməkdaşlıq üçün əsas yaradılıb.
Overçukun sözlərinə görə, hazırda Ermənistan və Azərbaycan birbaşa ikitərəfli formatda çalışırlar, o cümlədən sərhəd məsələləri üzrə təmaslar davam edir.
“Mən bilirəm ki, həmkarlarım artıq bir-birinə səfərlər də edirlər. Azərbaycanla Ermənistan arasında ticarət başlayır, neft məhsullarının tədarükü həyata keçirilir”, – deyə o əlavə edib.
Musavat.com






