İnsanlara hürriyət, millətlərə istiqlal!

“Partiya sədrliyindən istefamda bir çox səbəblər var”

691 16.12.2025 11:38 Siyasət A A

Pənah Hüseyn siyasətdən getmədiyini açıqladı

Dekabrın 14-də Azərbaycan Xalq Partiyasının növbədənkənar qurultayı keçirilib. Pənah Hüseyn sədrlikdən istefa verib və Qiyas Sadıqov partiyaya sədr seçilib. Pənah Hüseyn istefası və digər məsələlərlə bağlı “Yeni Müsavat”ın suallarını cavablandırıb. 

- Pənah bəy, qurucusu olduğunuz partiyanın sədrliyindən nə üçün istefa verdiniz? 

- Bir il əvvəldən, Milli Məclisə sonuncu seçkilərdən sonra istefa məsələsini gündəmə gətirmişdim. O vaxt İdarə Heyətinin xüsusi qərarı oldu ki, bir ildən sonra bu məsələyə qayıdılsın və növbədənkənar qurultay çağırılsın. Bir il ərzində mən mövqeyimi dəyişmədim və qurultay keçirib istefamı rəsmiləşdirdim. Bir çox səbəblər var. Xüsusən sonuncu parlament seçkilərində Milli Məclisdə təmsil olunmamaq və müəyyən mənim də təbliğatçısı kimi çıxış elədiyim ümumi siyasi kursun problemləri ilə bağlı hesab elədim ki, məsuliyyət daşıyan şəxslərdən biri olaraq özüm tərəfimdən istefamın qoyulması məntiqlidir. Həmçinin partiya rəhbərliyinin yenilənməsini istədim. İstefa qərarımın üzərində təkid elədim. Mənə qurultay nümayəndələri təşəkkür elədilər, sədrlikdən getməyimi istəmədiklərini dedilər. Amma mən qərarımın üzərində qaldım. Qiyas Sadıqov da mənə sədrlikdən getməməyimi istədiyini demişdi. Lakin mən qərarımı əsaslandırdım və partiyadaşlarım qərarımın doğruluğuna inandılar. İstəyim həm də budur ki, Azərbaycan Xalq Partiyasının təkcə Pənah Hüseyndən ibarət olmadığı da öz təsdiqini tapsın.  

- Digər bəzi müxalifət partiyalarının qurucu sədrləri sədrlikdən getdikdə partiyanın qurucu lideri və ya fəxri lideri kimi qalıblar və fəaliyyətlərini bu şəkildə davam etdiriblər. Sizinlə bağlı bu təcrübə təkrarlanacaq?

- Bizim partiyada, qurultayda belə bir məsələ müzakirə olunmayıb və gündəmdə olmayıb, gündəmdə yoxdur. 

- Bundan sonrakı partiya fəaliyyətiniz necə olacaq? Siyasətdə qalırsınızmı? 

-Təbii ki, siyasətdən uzaqlaşmıram. Mən bundan sonra Azərbaycan Xalq Partiyasının İdarə Heyətinin üzvü kimi fəaliyyətimi davam etdirəcəyəm. 

- Niyə yerinizə məhz Qiyas Sadıqovun gəlməsini dəstəklədiniz?

- Qiyas Sadıqovla hələ 1988-ci ildən Xalq Cəbhəsi sıralarında olandan bir yerdəyik. Təcrübəsinə əminəm. Onun sədrliyə namizədliyi mənim tərəfimdən irəli sürülüb. Partiyanın quruculuğunda da birgə iştirak etmişik. Qiyas bəyin sədrliyində əminəm ki, həm indiyə qədər aparılan kurs davam etdiriləcək, həm də partiyaya yeni gənclərin gəlməsi təmin olunacaq. Hesab edirəm Qiyas Sadıqov bu işin öhdəsindən gələcək. Partiyanın siyasi kursu davam etdiriləcək. 

- Yeni sədr sizin kölgənizdə qalmayacaq?

- Bu vaxta qədər birinci müavin olanda da mənim kölgəmdə qalmayıb. Sədr kimi də kölgəmdə qalmaz. Sualınızda müəyyən təəssürat varsa, bu təəssüratın dağılması üçün nə mümkündür edəcəyəm. Ancaq hesab edirəm ki, bu, hər halda, daha çox Qiyas Sadıqovun özündən xeyli dərəcədə asılı olacaq. 

- Gələcəkdə partiyanın sədrliyinə qayıtmağınız mümkündürmü?

- Mənim belə bir fikrim yoxdur. Məncə, belə bir məsələ gündəmə gəlməyəcək. Cəmiyyətdə yeni nəsil formalaşıb. Çox istərdim ki, növbəti seçkilərdə gənc nəsil təmsil olunsun.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR