Son vaxtlar Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə paylaşdığı qeyri-adi və rəngli videolarla diqqət çəkməyə davam edir. Ermənistanda seçki mühitinin formalaşdığı bir dövrdə yayımlanan bu qısa görüntülər cəmiyyətin müəyyən hissəsi tərəfindən maraqla qarşılanır.
Musavat.com xəbər verir ki, Paşinyanın son paylaşımları klassik siyasi çıxışlardan daha çox şou xarakteri daşıyır. O, əvvəlki videolarda barabanda ifa edir, tərəfdarları ilə şənliklərdə hoppanıb-düşür, musiqi fonunda əllərini birləşdirərək ürək işarəsi göstərir. Bu dəfə isə Ermənistanın baş naziri polisə məxsus keşikçi itlərlə çəkilmiş qısa videonu paylaşaraq gündəmə gəlib.
Paylaşılan görüntülərdə Paşinyan xidmət itlərinin başını sığallayır, onlara sevgi nümayiş etdirir. Video sosial şəbəkələrdə yayılaraq tərəfdarları arasında müsbət reaksiyalar doğurub. Ekspertlərin fikrincə, bu cür sadə və emosional görüntülər Paşinyanın seçkiöncəsi auditoriya ilə birbaşa və qeyri-rəsmi əlaqə qurmaq cəhdinin tərkib hissəsidir.
Siyasi müşahidəçilər hesab edirlər ki, məzmun baxımından olduqca bəsit görünən bu videolar əslində populist kampaniya aləti kimi istifadə olunur və Ermənistan cəmiyyətində emosional təsir yaratmağa hesablanıb.
Musavat.com






