İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkilərində iştirak edən siyasi qüvvələrin yeni reytinqi açıqlanıb. Bu barədə “Gallup”un Ermənistan nümayəndəliyinin rəhbəri Aram Navasardyan bildirib. Əsas siyasi qüvvələr üçün sorğunun nəticələri aşağıdakı kimidir: respondentlərin 28,8 faizi hakim “Vətəndaş Müqaviləsi” Partiyasına (Nikol Paşinyan), 14,9 faizi “Güclü Ermənistan” blokuna (Samvel Karapetyan), 12,1 faizi “Ermənistan” blokuna (Robert Köçəryan), 8,7 faizi “Çiçəklənən Ermənistan” Partiyasına (Qaqik Sarukyan) və 5,8 faizi “Birlik Qanadları” Partiyasına səs verəcəyini deyib. 19-21 may tarixlərində keçirilən telefon sorğusunda 1102 nəfər iştirak edib. Faktiki Paşinyanın partiyası Karapetyanın blokunu yarıbayarı üstələyib.

Bu üstünlüyü qoruyub saxlaya biləcəkmi?
AMİP Ali Məclisinin sədri, politoloq Rəşad Bayramov Musavat.com-a bildirib ki, “Gallup” kifayət qədər müstəqil və etibarlı sorğu mərkəzidir və bu təşkilat tərəfindən keçirilən sorğular Ermənistanda siyasi qüvvələrin real reytinqini dəyərləndirməyə imkan verir: “ Həqiqətən də Paşinyanın hakim partiyası öndədir. Düzdür, bu reytinq əvvəlki seçkilərlə müqayisədə aşağı olsa da, amma seçkilərin favoritinin hələ də “Vətəndaş Müqaviləsi” Partiyası olması mübahisə oluna bilməz. Lakin Ermənistan siyasətinin dinamikası göstərir ki, seçkiyə qədər bu fərq hətta arta da bilər. Paşinyanın əsas üstünlüyü hələ də alternativlərin zəif və parçalanmış olmasıdır. Müxalifət düşərgəsində həm Robert Köçəryan, həm Karapetyan, həm də digər qüvvələr elektoratı bölüşdürürlər. Nəticədə hakimiyyət əleyhinə səslər hələ ki, vahid mərkəzdə cəmləşmir. Bu isə Paşinyana hətta aşağı reytinq fonunda belə birinci qalmaq imkanı yaradır. Son aylardakı sorğular göstərir ki, “Vətəndaş Müqaviləsi” partiyasının dəstəyi müəyyən artım dinamikası nümayiş etdirib. Apreldə 24-26 faiz civarında olan göstərici indi 28,8 faizə yüksəlib”.

R.Bayramovun fikrincə, digər mühüm faktor isə Paşinyanın seçkiləri geosiyasi seçim kimi təqdim etməsidir: “Hakimiyyət komandası seçicilərə mesaj verir ki, bu seçki sadəcə daxili siyasi mübarizə deyil, Ermənistanın gələcək xarici kursunun müəyyənləşməsidir. Paşinyan özünü Qərblə inteqrasiya, Azərbaycanla sülh prosesi və regional kommunikasiyaların açılması xəttinin təminatçısı kimi göstərir. Müxalifətin əhəmiyyətli hissəsi isə daha çox Rusiya yönlü və revanşist ritorika ilə çıxış edir. Müxalifət xüsusilə “milli təhlükəsizlik” mövzusunu seçki kampaniyasının mərkəzinə çevirməyə çalışır. Başqa sözlə seçkilər Ermənistanın “Qərbə dönüşü” ilə “ənənəvi Moskva orbitinə qayıdışı” arasında seçim xarakteri daşıyır”.
Politoloqun sözlərinə görə, bir müddət əvvələ qədər Karapetyan blokunun sürətli yüksəlişi də diqqət çəkirdi: “Bir neçə ay əvvəl onun siyasi layihəsi ikinci plan hesab olunurdu, indi isə artıq əsas rəqib statusuna yüksəlib. Lakin bu yüksəliş seçkilər yaxımlaşdıqca enişə çevrilir. Belə ki, Karapetyanın fərdi reytinqi yüksək olsa da, onun ikili vətəndaşlıq səbəbilə seçkilərdə iştirak imkanı olmadığından “Güclü Ermənistan” blokunun parlamentə düşən təmsilçiləri Moskvadan da gələn sifariş əsasında Köçəryan ətrafında cəmləşməlidirlər. Paşinyan da bu məqamdan istifadə edərək, müxalifətin qələbəsi halında baş nazirin Karapetyan yox Köçəryan olduğuna dair təbliğat aparır. Köçəryanın keçmiş fəaliyyəti, Qarabağ klanına aid olması isə cəmiyyətdə birmənalı qarşılanmır. Yəni Köçəryanın anti reytinqi faktiki olaraq Karapetyan blokunun da səslərini aşağı salır. Odur ki, indiki mərhələdə üstünlük yenə də Paşinyanın tərəfində görünür. O, hələ də Ermənistanın ən təşkilatlanmış siyasi maşınına, inzibati resurslara və nisbətən sabit elektorata sahibdir. Odur ki, indi əsas məsələ onun birinci olub-olmayacağı deyil, hansı fərqlə qalib gələcəyi və seçkidən sonra təkbaşına hökumət qurmaq imkanını qoruyub saxlayıb-saxlamayacağıdır”.
Cavanşir Abbaslı
Musavat.com






