Ermənistanda ABŞ vitse-prezidentinin İrəvana səfəri daxili siyasi qarşıdurmanı daha da kəskinləşdirib. Xüsusilə Rusiya yönlü və revanşist mövqeyi ilə seçilən dairələr hökumətə qarşı qondarma “soyqırım” mövzusundan istifadə etməyə başlayıb.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu fikirlərlə çıxış edən “Bizim Yolumuzla” hərəkatının koordinatoru Narek Karapetyandır. Qeyd edək ki, Narek Karapetyan hazırda həbsdə olan, Moskva ilə yaxın əlaqələri və anti-Azərbaycan ritorikası ilə tanınan biznesmen Samvel Karapetyanın qardaşı oğludur. Samvel Karapetyanın son aylarda Ermənistan daxilində Paşinyana alternativ fiqur kimi irəli çəkildiyi barədə məlumatlar yayılıb.
Karapetyan ABŞ vitse-prezidentinin Tsitsernakaberd memorialına səfəri zamanı Ermənistan rəsmilərinin onu müşayiət etməməsini “təzyiqdən çəkinmək” kimi qiymətləndirib və ə bunu Ankaranı narazı salmamaq cəhdi kimi təqdim edib. Bundan başqa Karapetyan yerli hakimiyyəti “milli mövqedən geri çəkilməkdə” ittiham edib. O, həmçinin “qondarma soyqırımın” tanınmasının siyasi alver mövzusu ola bilməyəcəyini” bildirib və Paşinyanı bu məsələdə güzəştə getməkdə suçlayıb.
Müşahidəçilər hesab edirlər ki, bu cür bəyanatlar Ermənistan daxilində formalaşan yeni siyasi xəttin — Qərblə yaxınlaşmaya qarşı Rusiya yönlü revanşist blokun — ritorikasının davamıdır. Həmin dairələr üçün qondarma“soyqırım” mövzusu yalnız tarixi yaddaş deyil, həm də hakimiyyətə təzyiq və regionda gərginlik yaratmaq aləti kimi istifadə olunur.
Beləliklə, ABŞ-ın regiona artan diqqəti və Ermənistanın xarici siyasətdə balans axtarışları fonunda radikal və anti-Azərbaycan mövqeyi ilə seçilən qüvvələr yenidən aktivləşir.
Musavat.com






