Xəbər verildiyi kimi, erməniəsilli rusiyalı iş adamı Samvel Karapetyan barəsində seçilmiş həbs-qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. Bundan əlavə, Karapetyan barəsində zaminə buraxılma tədbiri də tətbiq olunub. Lakin o, ölkəni tərk edə bilməz.
"Taşir" şirkətlər qrupunun rəhbəri Samvel Karapetyan 2025-ci ilin iyun ayında maliyyə pozuntuları və vəzifə səlahiyyətlərindən sui-istifadə ilə bağlı cinayət işi çərçivəsində saxlanılmışdı. Bu onun Erməni Apostol Kilsəsini dəstəkləməsi və kilsə ilə hökumət arasında yaranmış gərginlik fonunda baş vermişdi.

Məlumdur ki, Karapetyan həbsdə olarkən müxalif mövqeli hərəkat yaradıb və seçkilərə qatılacağını bəyan edib. Yəni belə çıxır, Paşinyan Rusiyanın ona seçkilərdə rəqib ola biləcək adamını azad edib. Hərçənd söhbət hələ ki, ev dustaqlığından gedir.
Paşinyan niyə bu qərarı verib? Karapetyan işi Rusiyanın təzyiqi ilə bağışlana bilərmi?

AĞ Partiya başqanının müşaviri, siyasi şərhçi Azər Hüseynov Musavat.com-a açıqlamasında deyib ki, Samvel Karapetyanın həbsdən ev dustaqlığına buraxılması Ermənistanın daxili hüquq sistemi çərçivəsində verilmiş adi qərar kimi təqdim edilsə də, əslində bu addım daha geniş siyasi və geosiyasi kontekstin məhsuludur:
"Sözügedən qərar Paşinyan hakimiyyətinin dəyişən beynəlxalq şəraitə uyğunlaşma cəhdini və daxili riskləri minimuma endirmək istəyini açıq şəkildə ortaya qoyur. Nikol Paşinyan hakimiyyətə Qərbin açıq və dolayı dəstəyi ilə formalaşmış ictimai-siyasi dalğa üzərində gəlmiş bir fiqur idi. "Məxməri inqilab" nəticəsində hakimiyyətə yüksələn Paşinyan əvvəlki erməni siyasi elitasından fərqli olaraq antikorrupsiya ritorikası, demokratik islahatlar və qərbyönlü mesajlarla çıxış edirdi. Onun siyasi legitimliyi də məhz bu fərqlilik üzərində qurulmuşdu.
Hakimiyyətinin ilk dövrlərində Nikol Paşinyanın Azərbaycanla bağlı çıxışları kifayət qədər aqressiv xarakter daşıyırdı. Qarabağ məsələsində populist və maksimalist mövqe Ermənistanı 2020-ci ildə ağır hərbi məğlubiyyətə sürüklədi. Müharibənin nəticəsi olaraq Azərbaycan işğal altında olan ərazilərini azad etdi və regionda yeni siyasi-hərbi reallıq yarandı. Buna baxmayaraq, Paşinyan daxili siyasi nüfuzunu tam itirmədi və növbəti seçkilərdə yenidən qalib gələ bildi. Bu fakt erməni cəmiyyətinin bir hissəsinin onu hələ də köhnə siyasi elitanın alternativi kimi gördüyünü göstərirdi.
Müharibədən sonra Paşinyan daha praqmatik xəttə keçərək Azərbaycanla danışıqlar prosesinə başladı. Bu mərhələ onun əvvəlki sərt ritorikasından kəskin şəkildə fərqlənirdi. Nikol Paşinyan artıq ideoloji şüarlardan daha çox siyasi reallıqları qəbul edən lider obrazı yaratmağa çalışırdı. Onu əvvəlki erməni liderlərindən fərqləndirən əsas cəhət də məhz bu praqmatik yanaşmadır.
Bu prosesdə Paşinyan regional və qlobal siyasi təcrübələrdən də nəticə çıxarır. O, Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin sonrakı taleyini və Ukrayna prezidenti Volodimir Zelenskinin üzləşdiyi çətinlikləri diqqətlə müşahidə edir. Hər iki nümunə göstərir ki, Qərbin dəstəyi sabit və uzunmüddətli təhlükəsizlik zəmanəti demək deyil. Xüsusilə ABŞ ilə Rusiya arasında münasibətlərin nisbətən yumşalması, Avropa İttifaqı ilə ABŞ arasındakı fikir ayrılıqları və Qərb daxilindəki geosiyasi rəqabət Paşinyanı daha ehtiyatlı davranmağa vadar edir.
Nikol Paşinyan yaxşı anlayır ki, Rusiya hələ də Cənubi Qafqazda mühüm təsir imkanlarına malikdir. Ermənistan daxilində rusiyayönlü media, siyasi dairələr və iqtisadi strukturlar mövcuddur.
Bundan əlavə, şəxsi təhlükəsizlik və hakimiyyətinin davamlılığı məsələsi Paşinyan üçün getdikcə daha həssas mövzuya çevrilir. Bu səbəbdən o, bəzi hallarda Rusiya ilə münasibətləri tamamilə qoparmadan müəyyən yumşaldıcı addımlar atmağa məcbur qalır.
Samvel Karapetyan məhz bu kontekstdə önəmli fiqur kimi ortaya çıxır. O, təkcə iri kapital sahibi deyil, eyni zamanda Rusiya ilə Ermənistan arasında qeyri-rəsmi siyasi və ideoloji bağları təmsil edən şəxsdir. Erməni Apostol Kilsəsi ilə yaxın münasibətləri isə Karapetyanın cəmiyyət daxilindəki təsir imkanlarını daha da artırır. Onun uzun müddət həbsdə saxlanılması Paşinyan üçün əlavə risklər yaradırdı və Karapetyanı siyasi simvola çevirirdi. Karapetyanın ev dustaqlığına buraxılması Paşinyanın bu riskləri azaltmaq cəhdidir. Bu qərar həm Rusiyaya açıq mesajdır, həm də daxili auditoriyaya yönəlmiş balanslı addımdır. Paşinyan bu yolla nə tam geri çəkildiyini, nə də açıq qarşıdurmaya getdiyini göstərir. Əsas məqsəd rəqibləri nəzarətdə saxlamaq və siyasi gərginliyi idarəolunan səviyyədə tutmaqdır.
Beləliklə, Samvel Karapetyanın ev dustaqlığına buraxılması Paşinyanın zəifliyindən deyil, dəyişən geosiyasi şəraitdə hakimiyyətini və şəxsi təhlükəsizliyini qorumağa yönəlmiş praqmatik siyasətindən irəli gəlir. Ermənistan kimi mürəkkəb daxili və xarici asılılıqları olan bir ölkə üçün bu cür balanslı manevrlər ideoloji ardıcıllıqdan daha həlledici əhəmiyyət daşıyır".
Cavanşir ABBASLI
Musavat.com






