İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan Putinə qəribə REVERANS – Seçki taktikası, yoxsa...

549 27.02.2026 14:30 Region A A

“Ermənistan 102-ci Rusiya hərbi bazasını ölkədən çıxarmağı planlaşdırmır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib. Onun sözlərinə görə, ölkənin ərazisində yerləşən 102-ci Rusiya hərbi bazasının çıxarılması ilə bağlı heç bir plan və proqram yoxdur. “Ermənistan ərazisində, Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının mövcudluğu ilə bağlı heç bir planımız, proqramımız və ya narahatlığımız yoxdur. Rusiya Federasiyası ilə sıx tərəfdaşlığımız var, iqtisadi və siyasi əlaqələr qurulub”, - Paşinyan deyib.

Baş nazir bildirib ki, Ermənistanla Rusiya arasındakı münasibətlər transformasiya mərhələsindədir: “Bu gün biz Rusiya ilə yeni münasibətlər qururuq. Biz qətiyyətliyik və Rusiya Federasiyası ilə əməkdaşlığı inkişaf etdirmək istəyirik, amma fakt budur ki, bu münasibətlər bir sıra amillərə görə dəyişir”. O, həmçinin, 44 günlük müharibənin dayandırılmasında Putinin “mühüm rolunu” qeyd edib. Azərbaycan-Rusiya münasibətlərinin hazırkı xarakteri bəlli – “soyuq müharibə”yə bənzər durum. Bəs İrəvan-Moskva əlaqələrinin indiki vəziyyətini necə adlandırmaq olar? Paşinyanın Putinə tərifini necə oxumalı – bu, kritik parlament seçkiləri öncəsi özünün Ermənistandakı proksi-qüvvələrini fəallaşdıran Kremlə qarşı taktiki gediş, manevrdir, yoxsa...

Politoloq İlyas Hüseynov Musavat.com-a bildirib ki, Ermənistanda bütün proseslər sanki seçkiyə köklənib:
“Ötən ilin ikinci yarısından bütün siyasi mübarizələr, əksər açıqlamalar seçkiyə hesablanmağa başlayıb. Nikol Paşinyanın Rusiyanın ünvanına xoş və münasibətlərin normal olduğu təəssüratı yaradan fikirlərini seçkiyə yaxınlaşdığı bir vaxtda eşidəcəyim gözlənilən idi. Rusiya üçün narahatlıq yaradan “seçkidən sonra 102-ci hərbi bazanın Ermənistandan çıxarılması məsələsi gündəmə gələcəkmi” sualına Paşinyan seçkiyə 3 ay qalmış cavab verdi. Baş nazirin bunun əksini deməsi gözlənilmirdi. Çünki belə bir mövqe seçki öncəsi Rusiyanın çox ciddi qəzəbi ilə qarşılanardı və bunun fəsadları meydana gələrdi. Paşinyan Moskvanı rahatladan açıqlamanı məhz seçkidə Rusiyadan gələcək təzyiqlərin mümkün qədər azaltmaq üçün verdi”.

İlyas Hüseynov: “Azərbaycanın əldə etdiyi uğurlar bütün dünyada müzakirə  olunur” | KONKRET

Politoloqun fikrincə, lakin bu açıqlama heç də o demək deyil ki, Ermənistan iqtidarı ilə Rusiya arasında münasibətlər çox yaxşıdır və problemlər aradan qaldırılıb: “Paşinyanın bu açıqlamasını həm də Ermənistandakı rusiyameylli qüvvələrə dəstəyin mümkün qədər azalması üçün Kremlə mesaj da hesab etmək olar. Bu taktiki gediş və manevr kimi qiymətləndirilə bilər”.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR