Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanın gündəmində olan iki əsas məsələyə – Qərbi Azərbaycan mövzusu və qarabağlı ermənilərin bölgəyə geri qayıtması iddiasına dair yeni açıqlama ilə çıxış edib.
Musavat.com-un xəbərinə görə, Paşinyan bəyan edib ki, Bakı ilə birlikdə bu iki mövzunu gündəmdən çıxarmağa imkan verəcək ortaq “yol xəritəsi” hazırlanmalıdır.
Onun sözlərinə görə, bu sənəd həm Qərbi Azərbaycan məsələsini, həm də Ermənistanın illərdir manipulyasiya etdiyi “qarabağlı ermənilərin ritoru” ideyasını paralel şəkildə bağlaya bilər və tərəflər arasında gələcək münaqişə risklərini minimuma endirər.
Baş nazir jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycan tərəfi “Qərbi Azərbaycan” ifadəsini aktiv şəkildə gündəmdə saxlayır, eyni zamanda “qarabağlı ermənilər” məsələsinə istinad edir. Paşinyan qeyd edib ki, qarabağlı ermənilərin geri qayıtması artıq real deyil və Ermənistan bu mövzunu davam etdirməyi təhlükəli hesab edir. O vurğulayıb ki, hazırda Ermənistanda Qarabağdan gələnlərin ölkədə qalması üçün böyük layihələr həyata keçirilir və geri dönüş barədə danışmaq yeni Qarabağ hərəkatının başlanması anlamına gələrdi. “Karaqab hərəkatı bitib. Əgər qayıdış mövzusunu davam etdirsək, bu, yenidən həmin prosesləri alovlandırar. Gəlin birgə yol xəritəsi hazırlayaq və bu mövzuları uzunmüddətli strategiya çərçivəsində bağlayaq”, – Paşinyan deyib.
İlk baxışdan Paşinyanın təklifi konstruktiv mövqe kimi təqdim oluna bilər, lakin Musavat.com yazarının təhlilinə əsasən, Ermənistan baş nazirinin bu ritorikası məcburiyyətdən irəli gəlir. İrəvan hakimiyyətinin yaxşı bildiyi bir həqiqət var: “qarabağlı ermənilərin qaytarılması” artıq mümkün deyil. Bu ideya əvvəllər yalnız xarici hərbi müdaxilə və ya regional güclərin dəstəyi ilə reallaşdırıla biləcək bir plan kimi nəzərdən keçirilirdi, lakin bu gün bu ssenari tamamilə arxivləşib. Buna görə də Paşinyanın konstruktiv görünən açıqlaması əslində manevr imkanının qalmadığı bir şəraitin nəticəsidir.
Bizə görə, Paşinyanın ən problemli tezisi Qərbi Azərbaycandan zorla çıxarılan etnik azərbaycanlılarla Qarabağ ermənilərinin vəziyyətini eyniləşdirməyə cəhd etməsidir. Qarabağ erməniləri heç vaxt zorla qovulmayıb, əksinə Azərbaycan dövlətinin təqdim etdiyi təhlükəsizlik zəmanətləri, vətəndaşlıq və bütün mülki hüquqlar təklif olaraq ortada idi. Qərbi Azərbaycandan qovulmuş azərbaycanlılar isə sistemli etnik təmizləmələrin qurbanı olub və onların öz tarixi yurdlarına qayıtması beynəlxalq humanitar hüququn fundamental maddələrindən biridir.
Musavat.com yazarı xatırladır ki, Ermənistan hökuməti əvvəldən azərbaycanlıların qayıdışı mövzusunda qətiyyətlə mənfi mövqe sərgiləyib. Paşinyanın hazırkı “yol xəritəsi” çağırışı, əgər bu hüquqdan imtinanı nəzərdə tutursa, Azərbaycanın qəbul edə biləcəyi heç bir siyasi çərçivəyə uyğun gəlmir. Etnik təmizləmə qurbanlarının geri dönüş haqqı danışıla bilən məsələ deyil və bunun qarşılığında “qarabağlı ermənilərin qayıdışı” kimi artıq mövcud olmayan süni gündəmin irəli sürülməsi real sülh məqsədlərinə xidmət etmir.
Beləliklə, Paşinyanın yeni çağırışı bölgədə sülhə yönəlmiş konstruktiv addım kimi təqdim edilsə də, təhlil göstərir ki, bu təklif daha çox Ermənistanın mövcud siyasi dalandan çıxmaq cəhdi kimi qiymətləndirilir və Bakı üçün qəbulolunan format təqdim etmir.
Musavat.com






