İnsanlara hürriyət, millətlərə istiqlal!

Pislik yenə Rusiyaya qalacaq – Paşinyan bu ƏNGƏLİ də aşsa...

790 09.06.2026 12:24 Analitika A A

İran prezidenti, ABŞ dövlət katibi, Kanada baş naziri də Nikol Paşinyanı seçkilərdəki qələbə münasibətilə təbrik etdilər. Buna qədər Gürcüstan Baş naziri, Qazaxıstan rəhbəri və Qərbin bir sıra digər dövlətlərinin yüksək çinli rəsmiləri, o sırada Fransa lideri Emmanuel Makron, Avropa Birliyinin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali komissarı Kaya Kallas eyni addımı atmışıdılar.

Ermənistanın formal da olsa, strateji müttəfiqi sayılan Rusiyadan isə hələ də təbrik əvəzinə tənqid və təhqirlər gəlir. Kreml öz xislətinə uyğun şəkildə yenə cığallıq edir. Rəsmi Moskva dərhal və açıq şəkildə bildirib ki, yalnız radikal müxalifət öz mövqeyini bəyan edəndən sonra qəti fikir söyləyəcək. Yəni ki, beynəlxalq müşahidəçilərin, hətta MDB Müşahidə Missiyasının pozitiv rəyi də Kremli maraqlandırmır...

Belə yanaşma, əslinə qalsa, Kremlin 7 iyun seçkilərinə müdaxilə üçün əlindən gələni etdiyinin dolayı sübutudur. Bunun daha bir təzahürü parlamentə düşmüş revanşist müxalifətin, xüsusən də Xocalı cəlladı Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokunun nəticələri tanımamaq haqda bəyanatı sayıla bilər. Hərçənd, bir neçə müxalif deputatın iclaslara qatılmaması ilə parlamentin işi pozulmaz, çünki kvorum həmişə olacaq.

Qısası, bu qəbildən cəhdlər seçkilərin legitimliyinin beynəlxalq səviyyədə tanınmaması üçün yetərli deyil. Əgər bütün qonşu ölkələr, kollektiv Qərb, Rusiya xaric, MDB dövlətləri 7 iyun səsverməsinin yekununu tanıyırsa, “axara qarşı” getməyin nə anlamı?..

Əlbəttə, hamı Rusiyanın regionla, ümumən postsovet məkanı ilə bağlı məkrli hədəflərini yaxşı bilir. Odur ki, pislik yenə Moskvanın özünə qalacaq. Amma paradoks ondadır ki, erməni Baş nazir seçkilərdən sonra xaricə ilk səfərini Avropaya, ABŞ-a, qonşu Gürcüstana və ya İrana yox, məhz Moskvaya etməyə hazırlaşır. Aydındır ki, bu, Paşinyanın Putinə, yaxud Rusiyaya guya xüsusi rəğbəti ilə əlaqəli deyil. Ən əvvəl sərt reallığın diktəsi ilə bağlıdır.

Reallıq isə belədir ki, rusun kapitulyant ölkədəki “əli” uzun olaraq qalır. Ona görə ki, Ermənistanın Rusiyadan iqtisadi-energetik asılılığı davam edir – qismən zəifləsə də. Üstəgəl, Gümrüdəki 5 minlik həbi baza və Türkiyə ilə sərhədlərin “FSB” (FTX) qüvvələri tərəfindən qorunması gerçəyi, Rusiyada böyük sayda erməni miqrant ordusu və s...

Ermənilər rus bazasının önündə xaos yaratdı: 100 aksiyaçı həsb edildi -  VİDEO - YENİLƏNİB - Globalinfo.az

Nikol Paşinyan bu və digər səbəbdən, özəlliklə Bakı və Ankara ilə sülh prosesini məntiqi sonluğa çatdırmaq üçün hələ ki, Putini qəzəbləndirməmək, ona “dayı” demək zorundadır. Ta ki, Azərbaycan və Türkiyə ilə əlaqələr normallaşana, sərhədlər və həyati əhəmiyyətli kommunikasiyalar açılana və nəticə etibarilə İrəvan Moskvadan təhlükəsiz məsafəyədək uzaqlaşana kimi.

Bunun önündə tək maneə bəlli: Ermənistanın hazırkı konstitusiyası. Əgər erməni toplumu həqiqətən qonşularla əmin-amanlıq içində yaşamaq istəyirsə, onda Paşinyana bu əngəli də aşmaqda kömək eləməlidir. Əks təqdirdə, İrəvanda nə ucuz Bakı benzini olacaq, nə Azərbaycan üzərindən ora ərzaq məhsulları göndəriləcək, nə də Rusiyadan total asılılıq və bloklada bitəcək.

Seçim yenə özlərinin. Nə Bakının, nə də Ankaranın tələsəcəyi bir ünvan yox. Azərbaycan işğala çoxdan son qoyaraq, öz ərazi bütövlüyü və suverenliyini tam bərpa edib. Qalır indi Ermənistanın öz suverenliyini bərpa eləməsi. Birinci növbədə də Rusiyadan...

Analitik xidmət,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR