1946-cı ilin yazında Nürnberq məhkəmələrini işıqlandıran ABŞ qəzetlərinin birində “Görinq Nürnberqdə hərbi tribunal dinləmələri zamanı öldürülüb. O, sovet prokuroru Roman Rudenko tərəfindən güllələnib” başlıqlı məqalə dərc olunub. Ancaq məqalənin içərisindəki sözlər başlığın hansı məna verdiyini ortaya qoyub.
Həmin dövrdə Ukrayna SSR-nin baş prokuroru olan Roman Rudenkonun artıq müxtəlif növ məhkəmələrdə kifayət qədər təcrübəsi olub. O, hədsiz dərəcədə sakit və səliqəli, qəzəblənməyə qadir olmayan bir insan kimi xarakterizə edilib. Üstəlik, özü də hərbi xidmətdə olub, ona görə də nasistlərin müharibə cinayətləri ilə bağlı nə danışdığını başa düşüb. Nürnberqdə SSRİ üzrə prokuror vəzifəsində çalışıb. Təcrübə göstərdiyi kimi, ittiham tərəfinə məhz belə bir insan lazım olub - sakit və balanslı. Çünki nasistlər nümayişkaranə şəkildə hakimlərə qarşı kobud davranıblar və öz günahlarını etiraf etmək istəməyiblər.
Əsas da Herman Görinq dinləmələrdə xüsusilə təxribatçılıq edib. Rudenkonun sakitliyi həyasız Görinqi o qədər qıcıqlandırıb ki, sonuncu hətta çıxışı zamanı qulaqcıqlarını kəskin şəkildə çıxararaq kənara atıb. Lakin Rudenko da çox yaxşı başa düşüb ki, o, Görinqdən etirafı necə olur -olsun, almalıdır. Yeri gəlmişkən, ekspertlərin fikrincə, məhz Nürnberq məhkəmələri zamanı Rudenko bu gün də məhkəmə proseslərində uğurla istifadə olunan bir neçə qeyri-ənənəvi taktika hazırlayıb.
Görinqi isə ələ almaq və ifşa etmək olduqca çətin məsələ olub. Məsələn, 1946-cı il fevralın 19-da baş vermiş bir hadisə alman zabitin əsl simasını ortaya qoyub. Həmin gün Rudenko məhkəməyə müharibə zamanı nasistlərin törətdiyi vəhşilikləri əks etdirən sənədli film nümayiş etdirib. Film orada olan hər kəsə elə güclü təsir bağışlayıb, məhkəmə zalında bir neçə dəqiqə tam sükut hökm sürüb.
Bütün təqsirləndirilənlər sadəcə susublar, baxışlarını yerə dikib və danışmayıblar. Yalnız Görinq yerindən sıçrayıb və bütün məhkəmədə olan şəxslərə filmin yalan olduğunu qışqırmağa başlayıb. O, iddia edib ki, ruslar alman forması geyinib və mülki şəxsləri qəsdən öldürüblər. Lakin Görinqin bu davranışı belə Rudenkonu fikrindən daşındıra bilməyib.
O, başqa bir hiylə hazırlayıb: şahid kimi feldmarşal Fridrix Paulusu çağırıb. Bəli, Almaniyanın çoxdan inandığı Paulus Stalinqrad döyüşü zamanı rəsmən həlak olmuş kimi bilinib. Qeyd edək ki, Hitler general Paulusa sonuncu dəfə mühasirə xəttini yarmağa cəhd etməyi əmr edib, lakin Paulus bunu qəbul etməyib. Hitler ona “sizi feldmarşal elan edirəm və bunu da unutmayın ki, indiyə qədər heç bir alman feldmarşalı əsir düşməyib” deyir, lakin Paulus ertəsi gün təslim olub.
Yeri gəlmişkən, sonradan ittiham aktının əsasını məhz onun ifadəsi təşkil edib. Ancaq Paulusun ifadəsi dərhal hamını etiraf etməyə məcbur etməyib. Məhkəmə prosesinin özü çox uzun, hətta bir ildən çox davam edib. Yalnız bundan sonra ittiham irəli sürmək vaxtı gəlib çatıb. Bundan əvvəl sonsuz dindirmələr, şahidlərin, zərərçəkmişlərin və təqsirləndirilən şəxslərin özlərinin təkrar ifadələri qeydə alınıb. Görinqin müdafiəsini heç kim yara bilməyib. Hətta Amerika tərəfini təmsil edən Cekson kimi təcrübəli prokuror belə. Yalnız dörd gün ərzində Gorinqlə şəxsən danışan Rudenko bunu sakitliyi və inamı ilə edə bilib.
Nəhayət, Görinq bütün günahlarını etiraf etdikdən sonra Amerika mətbuatında yerli jurnalist tərəfindən nasistin öldürülməsi ilə bağlı məqalə çıxıb. Təbii ki, jurnalislər, Rudenkonun onu hərfi mənada yox, sadəcə olaraq “mənəvi cəhətdən öldürdüyünü” nəzərdə tutub. Necə deyərlər, sözlər üzərində oyun. Ancaq hər kəs bunu hərfi mənada qəbul edib.
İyulun 30-da, ad günündə Rudenko yekun arqumentlərini söyləyib. Nəhayət, prokuror ölüm cəzası istəyib və bu cəza 24 təqsirləndirilən nasistdən 12-nə tətbiq edilib, digər üç nəfər isə ömürlük həbs cəzası alıb. Dörd nəfərə 10 ildən 20 ilədək həbs cəzası verilib. Təqsirləndirilən şəxslərdən üçü bəraət qazanıb, ikisi isə bütün ittihamlardan azad edilib və onlara qarşı cinayət işi açılıb. Görinqə gəlincə, o, son nəticədə hökmü eşitməyib. Məhkəmənin verdiyi edam qərarına bir neçə saat qalmış hücrəsində ona baxan əsgərdən şəxsi qutusunu istəyib. Qutudakı kalium sionid kapsulasını içərək eynən Himmler kimi həyatına son qoyub.
İlkin Nəcəf, xüsusi olaraq Musavat.com üçün






