Rusiya prezidenti Vladimir Putin Avropa liderləri və Qərbi növbəti dəfə açıq şəkildə təhqir edib.
Musavat.com xəbər verir ki, Putin bu qalmaqallı ifadələri Rusiya Müdafiə Nazirliyinin kollegiya iclasında çıxışı zamanı səsləndirib.
Çıxışı zamanı Kremlin rəhbəri Ukraynada müharibəyə görə məsuliyyəti Qərbin üzərinə atıb və bildirib ki, müharibəni Rusiya deyil, məhz Qərb başlayıb. Putinin sözlərinə görə, ABŞ-ın əvvəlki administrasiyası vəziyyəti bilərəkdən gərginləşdirərək Ukraynanı müharibəyə sürükləyib.
Putin çıxışında Avropa liderlərini aşağılayıcı ifadələrlə hədəfə alaraq deyib ki, ABŞ və “Avropanın donuzcuqları” (европейские подсвинки) qısa müddət ərzində Rusiyanı daxildən dağıdacaqlarına inanırdılar. Onun sözlərinə görə, Qərb Rusiyanın iqtisadi, siyasi və hərbi baxımdan çökməsini gözləyib, lakin bu planlar tam iflasa uğrayıb.
Rusiya prezidenti bildirib ki, Qərbin Rusiyaya qarşı yönəlmiş bütün “revanş cəhdləri və destruktiv planları tamamilə puç olub”. Putin iddia edib ki, sanksiyalar, siyasi təzyiqlər və informasiya müharibəsi Moskvanı zəiflətməyib, əksinə, ölkə bu təzyiqlərə uyğunlaşmağı bacarıb.
Putinin bu açıqlamaları BBC tərəfindən yayımlanan görüntülərdə də yer alıb və beynəlxalq mediada geniş rezonans doğurub. Ekspertlər hesab edirlər ki, Kremlin rəhbərinin ritorikası getdikcə daha aqressiv və təhqiramiz xarakter alır ki, bu da Rusiya–Qərb münasibətlərinin daha təhlükəli mərhələyə keçdiyini göstərir.
Qeyd edək ki, bu, Putinin Avropa liderlərini açıq şəkildə alçaldan ilk çıxışı deyil. O, bundan əvvəl də Avropa İttifaqı ölkələrini ABŞ-ın “itaətkar alətləri” adlandırmışdı.
Musavat.com






