Məlumdur ki, hazırda Amerika ilə Avropanın digər ölkələri arasında “soyuq küləklər” əsir. Buna səbəb də, Rusiya-Ukrayna savaşıdır. Prezident Donald Tramp savaşın bir anda bitməsində maraqlıdır və bunun üçün də hətta həmkarı Vladimir Putinin ürəyincə olan 28 bənddən ibarət sülh planı hazırlayıb. Bu sənəd faktiki Ukraynanın kapitulyasiya sənədinə qol çəkməsi deməkdir. “Tramp planı” kollektiv Qərbin digər dövlətlərini əndişəyə salıb.
Bu plana qarşı Avropa İttifaqı (Aİ) özünün 24 bənddən ibarət sülh bəndlərini hazırlayıb. Bu da Birləşmiş Ştatlar tərəfindən heç də xoş qarşılanmır. Artıq NATO kimi hərbi blokun, Aİ kimi nüfuzlu beynəlxalq qurumların taleyindən söz açılmağa başlayıb. Ekspertlər hesab edirlər ki, Rusiya Ukrayna cəbhəsində ciddi üstünlük əldə edərsə, yuxarıda adlarını çəkdiyimiz qurumlar üçün ciddi təhlükələr yarana bilər.
“Rusiya Ukrayna münaqişəsində qalib gəlsə, NATO dağıla bilər. Bu, Moskvanın qitədə dominant hərbi və siyasi gücə çevrilməsinə gətirib çıxaracaq”.
Publika.az xəbər verir ki, bu barədə "Daily Express" nəşri məlumat paylaşıb.
Qeyd olunur ki, eyni zamanda, Baltikyanı ölkələr NATO-nun 5-ci maddəsində nəzərdə tutulmuş zəmanətlərin etibarlılığına şübhə etməyə başlayacaqlar, baxmayaraq ki, alyans yalnız hər bir üzv onun mütləq gücünə inandığı zaman işləyir.
Bildirilir ki, ABŞ prezidenti Donald Trampın Avropaya yönəlik siyasəti "Köhnə Dünya"nın ABŞ-ı etibarlı müttəfiq hesab etməsinə mane olur.

Siyasi təhlilçi Sona Əliyeva Musavat.com-a açıqlamasında bu ehtimalları az saydığını bildirdi: "İndiki məqamda NATO-ya üzv dövlətlər arasında müəyyən fikir ayrılıqları mövcuddur. Amma bu siyasi fikir ayrılıqları ümumi təhlükəsizlik və adekvatlıq müstəvisində ciddi çatlar yaratmayıb. Düşünürəm ki, qarşıdakı onillikdə NATO-nun parçalanması və ya tamamilə sıradan çıxması mümkün olmayacaq. Ona görə ki, məsələ təkcə Rusiya deyil. Ortada çox ciddi Çin və Hindistan amilləri var. Əsasən, Çin indi Avro-Atlantik məkan üçün ciddi təhdid hesab olunur. Ukrayna müharibəsi fonunda alyans daxilindəki narazılıq "qısaqapanma" xarakteri daşıyır və qısamüddətlidir. Çünki cari fikir ayrılığıdır və köklü problem deyil. Doğrudur, Rusiya xarici kəşfiyyatı zaman-zaman NATO-nun parçalanması üçün həmlələr edir, tələlər hazırlayır, mürəkkəb oyunlar qurur. Amma indiyə qədər həmin oyunlar ciddi nəticələrə gətirib çıxarmayıb".
Cavanşir ABBASLI
Musavat.com






