İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərbdə Şərq məkri – Bir iftiradan iki ölkəyə pay düşür

486 07.06.2026 11:32 Yazarlar A A

İyunun 5-də bir sıra xarici mediada ABŞ/İsrail-İran müharibəsində Azərbaycan ərazisindən istifadə olunması ilə bağlı dərc olunan materialın açıq-aşkar məkr və manipulyasiya olması işin içində olanlar üçün sirr deyil.

Ortada olan iddia kəşfiyyat məlumatları deyil, redaksiyada oturub ehtimal yürüdən fantazyorların işidir.

Öncə bu materialların dərc olunduğu nəşrlərin mövqeyinə, fəaliyyət istiqamətinə baxaq. Həm İsrailə, həm də Azərbaycana iftira atan saytların ikisi bunlardır: "Middleeasteye.net" və "Haaretz.com".

Adlarından da görünür ki, onların hər ikisi əsasən Yaxın Şərqdə və İsraildə də baş verən hadisələrə dair xəbərlər yazırlar.

"Middleeasteye.net" saytı Böyük Britaniyada fəaliyyət göstərir, Yaxın Şərqə dair materiallar yayır və İsrailə, onun mövcud iqtidarına qarşıdır. Sayt Qətər dövləti və keçmiş məmur Camal Bessasso tərəfindən maliyyələşdirilir.

“Haaretz.com” saytı isə İsraildə məşhur media qurumudur və İsrailin hazırkı hakimiyyətinə qarşı barışmaz müxalifətdədir, yazı və xəbərlərində Binyamin Netanyahunu ifşa etmək xətti götürüb.

Bu saytların son materiallarından altısının başlığına baxaq:

1. “İsrail əsgəri yeddi aylıq fələstinli körpəni öldürüb, sonra isə qaçıb”;

2. “İsrail rəsmi olaraq mafiya tərəfindən idarə olunur”;

3. “İran müharibəsindən bəri 36 ölkədə İsrailə qarşı mənfi baxışlar artıb”;

4. “Bibiizm: İsrail siyasətini dəyişdirən konsepsiya - əsasən daha pis tərəfə”;

5. “ABŞ hərbi hava qüvvələri İsrailin Ben-Qurion hava limanını necə öz bazasına çevirir”;

6. “Livan yenidən Netanyahunun siyasi məzarlığı ola bilərmi?”

Göründüyü kimi, bu nəşrlərin yaydığı materiallar əsasən İsrailin hazırkı iqtidarının siyasi kursuna qarşıdır. İsrail demokratik ölkə olduğundan bu cür material yazan vətəndaşlarını Rusiyada və ya başqa o tipli ölkələrdə olduğu kimi məsuliyyətə cəlb edə, “xarici agent”, “düşmən dəyirmanına su tökən”, “vətən xaini” adlandıra bilmir.

“Middleeasteye.net" saytının redaksiyasına isə əl çatmır. O, xaricdə fəaliyyət göstərir, ona görə də aşağıdakı kimi fotolar dərc edə bilir.

bingen.JPG (36 KB)

Bu baxımdan İsrailin İranla apardığı müharibə zamanı guya Azərbaycan ərazisindən istifadə etməsi barədə material ilk başda əsasən İsrailə qarşı yönəlmiş böhtandır, İsrailin İrana qarşı nə dərəcədə çoxşaxəli hərbi əməliyyatlar apardığının “sübutu”dur. (Səhralıqda çəkilmiş şəklin Azərbaycana aid edilməsi o “sübut”un mötəbərliyini göstərir).

ggggg.JPG (75 KB)

Ancaq indi ona da diqqət edək ki, həmin material daha sonra hansı nəşrlər tərəfindən birəbir, sırf həqiqətmiş kimi tirajlandı.

Bu materiala əsasən o media qurumları həvəslə yer verdilər ki, onlar hələ 2020-ci il hərbi kampaniyasından bəri Azərbaycan dövlətinə qarşı fəaliyyət göstərir, onun öz ərazisini erməni işğalından azad etməsinə qarşı çıxır, gah “novar”çılıq edir, gah da pasifizm mövqeyi tutur, ermənilərin hərbi təcavüzə məruz qaldığını yazırdılar.

Belə nəşrlərin içində sırf etnik azərbaycanlıların işlədiyi media qurumları da vardı və onlar ermənidən çox ermənilik edir, xarici fondlardan aldıqları muzda görə dədə-babalarının əzəli yurdunun azad edilməsi kampaniyası zamanı kollaborasionist mövqe tuturdular.

Hazırda onlar da bu iftiranı yayırlar və məqsəd heç də onsuz da reputasiyası zədələnmiş İsraili gözdən salmaq, onun hazırkı hakimiyyətinin qanunsuz müharibə apardığına işıq tutmaq deyil.

Bunların məqsədi Azərbaycanı gözdən salmaq, onu İranla üz-üzə qoymaq, ölkəmizi İranın hədəfinə çevirmək, rəsmi Bakını islam dünyasının dəstəyindən məhrum etməkdir.

Özü də bu cür düşünənlər belə bir məqsədə can atarkən səylərinin nəticə verəcəyinə böyük ümid bəsləyirlər. Çünki İran rəhbərliyinin bir hissəsi (əsasən dini və cəza aparatı dairələri) hələ neçə il öncədən Azərbaycana qarşı qərəzlidirlər. Onlar zaman-zaman keçmiş prezident İbrahim Rəisi və onu müşayiət edənlərin Azərbaycan-İran sərhədindəki məntəqədən 50 ilin helikopteri ilə havaya qalxdıqdan sonra İranın dumanlı-sisli dağlarında qəzaya uğramasını bir şəkildə Azərbaycan və İsrailə bağlamaq istəyirlər. Əldə heç bir dəlil-sübut olmasa da, bu ehtimal vaxtaşırı dilə gətirilir.

Hazırkı media kampaniyası da məhz həmin dairələrə ötürmə etmək, sönükməkdə olan ocağın işaran son közünün üstünə benzin çiləməkdir.

Tərəflər 40 günlük müharibədə belə bir işbirliyinin olmadığını bildirib, müvafiq xəbərləri təkzib edib, bunu “kobud manipulyasiya nümunəsi”, “dezinformasiya” adladırıblar.

Ancaq güman ki, regional sabitliyə və dövlətlərarası münasibətlərə zərbə vurmaq və regionda gərginlik yaratmaq istəyənlər bu söhbətdən asanlıqla əl çəkməyəcəklər.

Müasir texnoloji avadanlıqların inkişafı, ayrı-ayrı bölgələrə qlobal peyk nəzarəti elə bir tərəqqidədir ki, heç bir dövləti belə şeylərlə şərləmək mümkün deyil. Ortada dəlil-sübut, peyk görüntüləri, kəşfiyyat məlumatları olmalıdırr.

Ona görə də ermənilərə dəstək verən dairələrin Azərbaycanı İranın qəzəbinə gətirmək cəhdi əbəsdir.

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR