Qərbin tətbiq etdiyi ağır sanksiyalara və Ukraynanın Rusiyadakı neft emalı zavodlarına endirdiyi ardıcıl dron zərbələrinə baxmayaraq, rəsmi Moskva xam neft ixracatında müharibə dövrünün ən pik nöqtəsinə çatıb.
Musavat.com xəbər verir ki, "Semafor" nəşrinin beynəlxalq enerji resurslarına və analitik sənədlərə istinadən yaydığı son sensasion məlumata görə, ötən may ayında Rusiyanın xam neft ixracı gündəlik orta hesabla rekord həddə – 3,46 milyon barelə yüksəlib.
İqtisadi ekspertlər qeyd edirlər ki, bu göstərici Rusiyanın 2022-ci ildə Ukraynaya qarşı başladığı genişmiqyaslı işğal dalğasından bəri qeydə alınan ən yüksək rəqəmdir. Ukrayna ordusunun Rusiya daxilindəki neft emalı zavodlarını və ixrac terminallarını hədəf alan uzaqmənzilli pilotsuz uçuş aparatlarının (PUA) zərbələri Moskvanı benzin və reaktiv mühərrik yanacağı ixracını dayandırmağa məcbur etsə də, bu vəziyyət Kremlin qlobal bazara daha çox xam neft çıxarmasına yol açıb.
Dünya bazarında neft qiymətlərinin kəskin artdığı bir dönəmdə xam neft ixracatının bu cür kütləvi şəkildə artması, Rusiyanın neft gəlirlərini də müharibənin başlanğıcından bəri ən yüksək səviyyəyə çatdırıb. Lakin sənədlər onu da göstərir ki, yanacaq ixracına qoyulan məhdudiyyətlər səbəbindən hökumət yerli zavod sahiblərinə milyardlarla dollar kompensasiya ödəmək məcburiyyətində qalıb və bu səbəbdən rekord qazancın hamısı birbaşa Kremlin xəzinəsinə daxil ola bilməyib.
Musavat.com






