Münxen Təhlükəsizlik Konfransında çıxış edən Finlandiya prezidenti Aleksander Stubb Rusiya-Ukrayna müharibəsi ilə bağlı diqqət çəkən və sərt bəyanatlar səsləndirib. O bildirib ki, Kreml müharibəni uzatmağa nail olsa da, strateji baxımdan artıq uduzub və Ukrayna getdikcə üstünlük əldə edir.
Finlandiya lideri ukraynalılara müraciətində onlara məsləhət vermək istəmədiyini vurğulasa da, mövcud vəziyyətin onların xeyrinə dəyişdiyini açıq şəkildə ifadə edib. Onun sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin qarşısına qoyduğu əsas hədəflərin heç birinə nail ola bilməyib.
Stubb qeyd edib ki, Moskva Ukraynanı öz təsir dairəsinə qaytarmaq istəyirdi, lakin nəticədə Ukrayna daha sürətlə Avropa məkanına inteqrasiya etməyə başladı. Rusiya NATO-nun genişlənməsinin qarşısını almağa çalışdı, amma əksinə Finlandiya və İsveç alyansa qoşuldu. Kreml Qərbin hərbi xərclərinin azalacağını gözləyirdi, lakin bu xərclər artaraq ÜDM-in təxminən 5 faizi səviyyəsinə yaxınlaşır. Prezident bunu Rusiyanın strateji məğlubiyyətinin açıq göstəricisi adlandırdı.

Finlandiya prezidenti hərbi əməliyyatların gedişi barədə də rəqəmlər açıqlayıb. O bildirib ki, müharibənin başlanğıc mərhələsində Rusiya Ukrayna ərazisinin təxminən 12 faizini nəzarətə götürüb, sonrakı dövrdə bu göstərici daha 8 faiz artıb, lakin son iki il ərzində cəmi 1 faiz irəliləyiş əldə olunub. Stubbun fikrincə, bu, hücum potensialının tükəndiyini göstərir.
O həmçinin Rusiya ordusunun canlı qüvvə itkisinə diqqət çəkərək qeyd edib ki, yalnız dekabr ayında Ukrayna qüvvələri 44 min rus hərbçisini zərərsizləşdirib və Moskva bu itkini kompensasiya etməkdə çətinlik çəkir. Bu səbəbdən Finlandiya prezidenti ukraynalılara “etdiyinizi etməyə davam edin, sonda üstün gələcəksiniz” mesajını verib.

Aleksander Stubb çıxışını yekunlaşdıraraq vurğulayıb ki, Putin Ukraynanı ruslaşdırmaq istəyirdi, amma nəticədə Ukrayna daha Avropa yönümlü dövlətə çevrildi. Onun fikrincə, müharibənin uzanması Rusiyanın qələbəsi deyil, əksinə strateji tükənmə prosesidir və hazırkı dinamika Ukraynanın üstünlüyünü göstərir.
Musavat.com






