Ankara-Moskva gərginliyi Cənubi Qafqaza da təsir edəcək
Türkiyə Rusiyadan aldığı S-400 hava hücumundan müdafiə sistemlərini geri qaytarmağa çalışır. Belə bir addım Ankaraya uzun müddətdir istədiyi F-35 döyüş təyyarələrini almağa imkan verə bilər. Bu iddia ilə “Blumberq” çıxış edib.
Bildirilir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ötən həftə rusiyalı həmkarı Vladimir Putinlə Aşqabadda keçirilən görüşdə S-400 məsələsini də qaldırıb. Lakin Putinin sözçüsü bu iddianı təkzib edib: “Aşqabadda belə müzakirə olmayıb”.
Yada salaq ki, Moskva və Ankara 2017-ci ildə S-400 sistemlərinin tədarükü ilə bağlı 2,5 milyard dollarlıq müqavilə imzalayıb. ABŞ Türkiyəni F-35 proqramından kənarlaşdıraraq və bir neçə türk müdafiə şirkətinə qarşı CAATSA kimi tanınan sanksiya rejimini tətbiq edərək, razılaşmanın qarşısını almağa çalışıb. Əsasnamədə qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə sistemlərinin Ankaraya tədarükü “Amerika hərbi texnologiyası və personalının təhlükəsizliyini təhlükə altına qoyur və Rusiya müdafiə sektoruna əhəmiyyətli resurs verir”. Buna baxmayaraq, raket sistemləri 2019-cu ilin yayında Türkiyəyə təhvil verilib.
Maraqlıdır ki, bu arada Putinin Türkiyəyə səfərə hazırlaşdığı haqda xəbərlər yayılıb. Səfərin S-400-lərlə əlaqəsi ola bilərmi? S-400-lərin qaytarılacağına yəqinlik hasil edən V.Putin etiraz olaraq qardaş ölkəyə getməyə bilərmi?

Elşən Mustafayev
AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev “Yeni Müsavat”a bildirdi ki, Türkiyənin Rusiyadan aldığı S-400 komplekslərini geri qaytarmaq istəməsi ilə bağlı məlumatlara hər iki tərəfdən hər hansı reaksiya yoxdur: “Amma son vaxtlar gedən proseslərdən irəli gələrək yaranmış bəzi təsdiq olunmayan məlumatlar üzərində ehtimallar edə bilərik. Bu ehtimalları da əsasən Rusiya tərəfinin istəkləri üzərinə istiqamətləndirməyə məcburam. Belə ki, hələ aylar öncə Ukraynanın Qərbdən orta və uzunmənzilli raketlər alacağından narahat olaraq Rusiya hava hücumundan müdafiə sistemlərini gücləndirməklə bağlı işlər görməyə başlamışdı. 4 ilə yaxın gedən müharibədə Rusiyanın ciddi sayda hava hücumundan müdafiə sistemləri sıradan çıxıb. Həmçinin Ukraynanın Rusiya ərazisində hücumlarını daha geniş ərazilər üzrə tətbiq etdiyindən hazırda Rusiyanın ixtiyarında olan hava hücumundan müdafiə sistemlərinin sayı da belə görünür ki, bütün əraziləri əhatə edəcək qədər deyil. O səbəbdən hesab edirəm ki, əgər belə bir təklif ortada varsa onun məhz Rusiya tərəfdən ola biləcəyi ehtimalları daha böyükdür”.

Səxavət Məmməd
Hərbi ekspert Səxavət Məmməd hesab edir ki, Türkiyənin alternativlərə yönəlməkdən başqa çıxış yolu yoxdur: “ABŞ-nin Türkiyədəki səfirinin S-400 hava hücumundan müdafiə sisteminin Rusiyaya təhvil verilməsi ilə bağlı açıqlamasından sonra Türkiyə ilə Rusiya arasında müəyyən gərginlik hiss olunur. Düzdür, Türkiyə rəsmi olaraq bəyan etdi ki, S-400-ü Rusiyaya təhvil verməklə bağlı planları yoxdur. Ancaq Qərb mediası indi də yeni bir iddia ortaya atıb. Bildirilir ki, Ərdoğanla Putinin son görüşündə Ərdoğan S-400-ü Rusiyaya təhvil vermək istədiklərini, eləcə də pulun müqabilində enerji resursları istəyib. Putinin Türkiyəyə səfəri gözlənilirdi. İddia olunur ki, artıq Putin Türkiyəyə səfər etməkdən imtina edir. Buna səbəb kimi də Ərdoğanın S-400-ü geri qaytarmaq istəyi olub. Hesab edirəm ki, əgər Türkiyə S-400-ü Rusiyaya geri qaytararsa, yaxud Hindistana satarsa, Ankara ilə Moskva arasında gərginlik baş verəcək. Bu gərginliyin Qara dənizdə baş verən proseslərdə şahidi də oluruq. Rusiya tankeri Türkiyənin sahil sularında Ukrayna tərəfindən vuruldu. Rusiya isə buna cavab olaraq Türkiyə tankerini Ukraynanın sahil sularında, daha konkret Odessadakı limanda vurdu. Rusiya bunu etməklə Türkiyəyə mesaj verir ki, onunla da gərginliyə hazırdır. Bu gərginlik hansı ölkəyə nə qazandırır, hansı ölkədən nə aparar, onu iqtisadçılar daha dəqiq təhlil edə bilər. Hesab edirəm ki, əgər iki ölkə arasında gərginlik olarsa, biz bunu Cənubi Qafqazda da hiss edə biləcəyik”.
Cavanşir ABBASLI,
“Yeni Müsavat”






