Xəbər verildiyi kimi, Rusiya Prezidenti Vladimir Putin Moskvada aprelin 1-də Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşündə Bakı və İrəvan arasındakı münasibətlərin nizamlanması prosesinə də toxunub. Rusiya lideri hər iki ölkə rəhbərinin səyləri nəticəsində bölgədə vəziyyətin sabitləşdiyini qeyd edib. O, həmçinin, bu prosesdə ABŞ Prezidenti Donald Trampın fəal rolunu xüsusi vurğulayıb: “Yeri gəlmişkən, sizin və Azərbaycan Prezidentinin səyləri sayəsində inanıram ki, münasibətləri sabitləşdirməyə nail olmuşuq və ABŞ Prezidenti də bu işdə fəal iştirak edib”.
Qeyd edək ki, Kremldə baş tutan görüşdə Rusiya-Ermənistan strateji tərəfdaşlığı ilə yanaşı, Cənubi Qafqazda iqtisadi, nəqliyyat və logistika əlaqələrinin inkişafı əsas müzakirə mövzularından biri olub. Putinin Bakı və İrəvana, eləcə də Trampa məhz indiki vaxtda bu reveransını necə oxumaq lazımdır? Bu, Güney Qafqazla bağlı bir taktiki gedişdir, yoxsa...
Deputat Elşad Musayev Musavat.com-a bildirib ki, Putinin Paşinyanla görüşündə həm Bakı-İrəvan normallaşmasına, həm də Trampın roluna xüsusi vurğu etməsi təsadüfi ritorika deyil: “Putinin bu reveransı əslində, üç istiqamətli mesajdır: region ölkələrinə – “Mən hələ buradayam”, Qərbə – “Rəqabət yox, koordinasiya mümkündür”, öz daxili auditoriyasına – “Rusiya hələ də geosiyasi oyunçudur” mesajı verilir. Yəni bu addım daha çox situasiyaya uyğunlaşdırılmış diplomatik manevrdir, nəinki köklü kurs dəyişikliyi. Rusiya “prosesdən kənarda deyil” mesajı verir. Son dövrlərdə Cənubi Qafqazda sülh gündəliyində Qərbin, xüsusilə ABŞ və Avropa İttifaqının aktivliyi artıb. Moskva isə Ukrayna müharibəsi fonunda regionda təsir imkanlarının zəiflədiyi görüntüsünü minimuma endirməyə çalışır. Putinin bəyanatı göstərir ki, Kreml prosesi tam itirmədiyini nümayiş etdirir”.

Deputat qeyd edib ki, Moskva Bakı və İrəvan arasında əldə olunan nisbi sabitliyi öz “siyasi kapitalına” yazmaq istəyir: “Tramp barədə müsbət fikir isə Vaşinqtona “yumşaq mesaj” hesab edilə bilər. Moskva ABŞ administrasiyası ilə gələcək dialoq üçün qapını açıq saxlayır. Rusiya demək istəyir ki, Cənubi Qafqazda rəqabət yox, müəyyən “rol bölgüsü” mümkündür. Bakı və İrəvana reverans kimi sayılan fikirlərə gəlincə, Putin Azərbaycana “Sənin uğurlarını tanıyıram və prosesdə səni legitim tərəf kimi qəbul edirəm”, Ermənistana isə “Rusiya hələ də təhlükəsizlik və siyasi çərçivədə sənin əsas tərəfdaşlarından biridir” mesajı verir. Bu, Moskvanın ənənəvi siyasətinin davamıdır”.
Deputatın fikrincə, görüşdə iqtisadi və logistika əlaqələrinin vurğulanması təsadüfi deyil: “Rusiya üçün ümumilikdə regiondakı nəqliyyat xətləri, Şimal-Cənub və Şərq-Qərb marşrutları strateji əhəmiyyət daşıyır. Putin bu açıqlama ilə dolayısı ilə deyir ki, “sülh prosesi yalnız siyasi deyil, iqtisadi inteqrasiyanın açarıdır” və Moskva burada pay sahibi olmaq istəyir”.
Etibar Seyidağa,
Musavat.com






