İnsanlara hürriyət, millətlərə istiqlal!

Qadın çadrası, tapança - SEPAH komandirlərinin acı sonluğu

1746 06.03.2026 19:28 Son xəbər A A

Bu gün İranda SEPAH komandiri Yaser Lefutinin qadın çadrasında qaçarkən görüntüləri yayılıb. Dünən isə bir SEPAH komandirinin özünü tapança ilə vuraraq intihar etdiyi görüntüləri yayılıb. Bu hadisələr nəyin əlamətidir? İranda hakimiyyət daxilində panika?

Siyasi analitiklər və psixoloqlar hesab edir ki, yayılan bu cür görüntülər ölkədəki siyasi-hərbi elitanın psixoloji vəziyyəti ilə bağlı ciddi suallar doğurur. Sosial şəbəkələrdə yayılan kadrlarda SEPAH komandiri Yaser Lefutinin qadın çadrasında qaçmağa çalışdığı, digər bir yüksək rütbəli hərbçinin isə canlı yayım zamanı özünü tapança ilə vurduğu iddia olunur. Bu görüntülər rəsmi şəkildə təsdiqlənməsə də, regionda baş verən gərgin proseslər fonunda diqqətlə analiz edilir.

SEPAH daxilində baş verən hər hansı qeyri-adi hadisə İran hakimiyyətinin ümumi sabitliyi barədə ciddi siqnal kimi qəbul edilir.

Son görüntülər ilk növbədə hakimiyyət strukturlarında psixoloji gərginliyin və panikanın artdığını göstərə bilər. Tarix göstərir ki, İran rejimi kimi sistemlərdə böhran dərinləşdikcə, elita daxilində qorxu və qeyri-müəyyənlik artır. Xüsusilə hərbi və təhlükəsizlik strukturlarında məsuliyyət daşıyan şəxslər mümkün cəza və ya siyasi təmizləmə ehtimalından ehtiyat etməyə başlayırlar. Bu isə bəzən qaçış, fərarilik və hətta intihar kimi radikal addımlarla nəticələnir.

Digər tərəfdən, belə görüntülər hakimiyyət daxilində etimad böhranının formalaşdığını da göstərə bilər. İran kimi güclü təhlükəsizlik aparatına malik ölkədə yüksək rütbəli komandirlərin bu cür davranışı sistem daxilində ciddi təşviş, mərkəzdənqaçma meylləri yarada bilər. Əgər belə hallar artarsa, bu, yalnız fərdi hadisə kimi deyil, artıq struktur daxilində parçalanmanın əlaməti olacaq.

Beləliklə, SEPAH komandirləri ilə bağlı yayılan görüntülər hələ tam rəsmi təsdiqlənməsə də, onlar İran daxilində baş verən proseslərin nə qədər həssas mərhələyə daxil olduğunu göstərən hadisələr kimi qiymətləndirilir. Bu görüntülər İran hakimiyyətinin içərisində formalaşan daha dərin böhranın işartılarından biridir.

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR