Ötən əsrdə yarı-gücə, yarı-prinsipə söykənən və bunların əsasında bərqərar olan dünyamız vardı. Bir ölkələrdəki varlıları-oliqarxları az da olsa, çərçivələrdə saxlayan digər dünyanın daim qlobal sinfi savaşa hazır kasıblar ordusu vardı. Bir tərəfdə əgər NATO varadısa, qarşıda Varşava müqaviləsi ölkələri də vardı.
Bir gün bütün bunlara tamam son verildi. Az qala, bir əsr iki qarşı-qarşıya duran siyasi-ideoloji cəbhələrdən biri çökdü və dünyanın bəzi nəhəng politoloqları tələm-tələsik yazdılar ki, bəs bütün planet səviyyəsində azadlıq, onun üzərində qurulan ideoloji doktrina, guya ki, liberalizm qalib gəldi, hətta “tarix bitdi” yazanlar da oldu.
Amma çox yox, cəmi bir neçə il keçəcəkdi ki, hətta qalib düşərgənin özünün ən adi insanları “təkcə SSRİ çökmədi, onun ardınca elə Qərb özü də çökdü!” deyəcəkdilər...
Başa düşürük, insanları fatalist proqnozlar, pessimist təhlillər bezdiribdir, üstəlik, bəzi insanlar hətta indiki dünyadan da tamam narazı deyillər, “hər halda, yaşamaq mümkündür” deyirlər.
Bunun özü də yaxşı şeydir, amma böyük hesabla optimizm üçün əsas yoxdur, çünki yeni sahman qurmaq, ya da heç olmasa, əvvəlkini saxlamaqçün yetərli güc balansı yoxdur: “böyük güc” olmağa iddialılar çoxdur və hazırda sanki dünyada bunun üçün əzələ nümayişi gedir.
Üstəlik, bəşəriyyəti hansısa ümumi prinsiplərin ətrafında konsolidə etmək üçün hüquqi mədəniyyət də yetərli qədər deyil. Bir sözlə, təzədən hamını bir masa ətrafına toplamaq üçün nə hamının hesablaşdığı güc var, nə də ən adi mədəniyyət: ABŞ bir tərəfdə “sahman” qurmağa çalışır, Rusiya digər, Çinsə tamam başqa yerdə!..
Əlbəttə, həmişə belə qalmayacaq, gec-tez, hansısa yeni-növbəti arxitektura bərqərar olacaq, amma bunun asanılıqla, əsas da dialoq yoluyla qurulucağına tam yəqinlik yoxdur: hətta ötən əsrdə babat geosiyasi sistemin bərqərar olması üçün bəşəriyyət iki böyük müharibədən keçmişdi. Bəlkə qarşıda daha birisi, növbəti böyük müharibə görünür? Buna insanları dərhal “hə”deməkdən hələki yalnz o çəkindirir ki, əgər müharibə olsa, daha əvvəlki ikisinə bənzəməyəcək, bəlkə də sonuncu olacaqdır...
Ona görə də dünyada hələ lokal qarşıdurmalar yaşanır, hansılar ki, bir gün alovlanıb qlobal savaşa da çevrilə bilərlər.
Biri lap burada, böyrümüzdədir: bəli, ABŞ, İsrail və İran arasındakı gərginlik nəinki çəkilməyib, əksinə hələ də közərməkdədir. Amma hələ bir-iki həftə əvvəl yazmışıdıq ki, Vaşinqtonun alovlu-alovlu danışmasına çox da aludə olmayın, tanış bir mənzərədi, onlar az qala, yarım əsrdir ki, iranlı mollaların ünvanına asıb-kəsməklə məşğuldurlar.
Elə indi də təxminən eyni şeylər baş verir. Dörd şərtdən ilk üçü bilavasitə ABŞ–ı maraqlandıran problemlərdir, guya yalnız dördüncüsü Vaşinqtonun İranda hələ də etiraz edən insanlara dəstəyidir!
Tehran Vaşinqtonla danışıqları qonşu Türkiyədən Omana köçürdü, halbuki son günlərdə İran ətrafındakı gərginliyi azaltmağa çalışan birinci ölkə bəlkə də Türkiyəydi, amma guya Ankara NATO üzvü və ABŞ-ın müttəfiqi olduğundan Tehran Omana daha çox etibar edir, əslindəsə, “molla rejimi” daim Ankaraya nəinki rəqib, hətta düşmən kimi baxıbdır, halbuki onun bu günədək ABŞ-ın təzyiqləri qarşısında duruş gətirməsinin bəlkə də ən əsas səbəbi bu olubdur ki, region ölkələri, o cümlədən Türkiyə bu kampaniyaya çox qoşulmayıbdır. Amma Tehran bir şey olan kimi əvvəlcə Bakını, daha sonra da Ankaranı özünün “anti-sionist testi”ndən keçirməyə çalışır...
Artıq birinci (ardı olacaqmı?) Oman görüşünün ərəfəsində əksər təhlilçilər dedilər ki, guya irəli sürülən dörd tələb Tehran üçün az qala, suverenliyi itirmək kimi şeydir.
Amma belə baxanda, niyə görə? Yadınıza salın, vaxtilə Dünya faşist Almaniyasına və militarist Yaponiyasına hansı tələbləri qəbul etdirmişdi? Amma buna baxmayaraq hər iki ölkə bir müddətdən sonra yenidən dünyanın aparıcı ölkələrinə çevrildilər.
Əlbəttə, İranın belə potensialı yoxdur, xüsusən də “molla rejimi”nin qalacağı təqdirdə. “Mollalar” yalnız nüvə silahına az qala, “sehrli çubuq” kimi baxır və düşünürlər ki, guya məhz nüvə silahı onların əbədi hakimiiyətini təmin edə bilər. Ona görə də düşünürük ki, iranlı mollalar heç vaxt nüvə silahı avantürasından əl çəkməyəcəklər, bu gün imtina etsələr də sabah təzədən başlayacaqlar! Ona görə də bu dörd tələbə daha birini əlavə etmək və onu birinci sırada yazmaq lazımdır: bu da “molla rejimi”nə son qoyulmasıdır...
O ki qaldı “böyük güc”lərin bütün bu çabalarından cəmi Dünya üçün nələrin alınmasına, güman ki, qeyri-müəyyənlik və hətta xaos bir müddət çəkəcək. Kiçik, nisbətən zəif ölkələrin bunun fəsadlarından necə qorunması isə onların özlərindən asılıdır.
Bu günlərdə Azərbaycanın və Ermənistanın liderləri uzaq bir ərəb ölkəsində xüsusi mükafata layıq görüldülər və bu, çox yaxşı əlamətdir: Bakı ilə İrəvan arasındakı sülhə nə qədər çox ölkə dəstək verərsə, bir o qədər davamlı və möhkəm olar.
Belədəsə, daim Sovetin son illərindəki Baltik respublikalarından misal çəkiriik. Keçmiş KQB orada “işləmirdimi”? “İşləyirdi”, amma bacara bilmədilər, əllərindən heç nə gəlmədi, çünki bu üç ölkənin xalqları daha ayıq-sayıq, hətta siyasi cəhətdən daha mədənidilər. Bizdə, Cənubi Qafqazda bu, o vaxt alınmadı, çünki ermənilər səviyyəsizlik göstərdilər.
İndi deyəsən, ağlılları azacıq başlarına gəlir, hər halda, Paşinyan nəsə etmək istəyir. Əsas budur! Üç Qafqaz ölkəsi aralarında dil tapa bilsələr, Kreml heç nə edə bilməyəcək, hətta Ağ Evə də ehtiyac qalmayacaq! Tapılacaqmı? Tezliklə bu sualın da dürüst cavabını biləcəyik: Paşinyan qala bilsə və ya hakimiyyyətə başqa bir qeyri-Rusiya qüvvəsi gəlsə, hər şey yaxşı olacaq.
Hətta Koçaryan, Sarqsyan və onlar kimi qeyri Kreml tulaları da gəlsə daha qorxulu heç nə olmaycaq, sadəcə, bölgədə daim gərginlik qalacaq, münasibətlər əməkdaşlığa çevrilməyəcək. Amma nə Kreml, nə də onun Ermənistandakı tulaları bundan artığını edə bilməyəcəklər. Odur, narahat olmağa dəyməz, sadəcə, biz də mümkün dəstəyi verməliyik ki, Paşinyan və komandası bir müddət də qala bilsinlər hakimiyyətdə: bölgəyçün belə daha yaxşı olar.
O ki qaldı bölgənin üçüncü ölkəsinə - Gürcüstana, guya ki, İvanişvili və dəstəsi gecə-gündüz Qərblə münasibətləri yoluna qoymaq çalışır.
Doğrusu, inanmırıq buna. Güman, başqa səbəblər var. Məsələ, tək “agentlər haqqında qanun”, yaxud da təkrar parlament seçkiləri deyildir.
Gəlin etiraf edək ki, qalan iki Cənubi Qafqaz ölkəsi də, hətta cənab prezident Trampın özü də “demokratiya etalonu” deyil. O, da daha çox geosiyasi, hətta geoiqtisadi amilləri önə çəkir. Görünür, başqa səbəblər var burada: nədir onlar? Güman, bunu öyrənmək İvanişvili üçün elə də çətin olmaz: adam ən azı dəqiqləşdirə bilər ki, niyə Brüsseldə bəzi avropalı siyasətçilər ona “Kremlin agenti” deyirlər? Bəlkə elə doğrudan da böhtandan başqa bir şey deyil bu?
Belədəsə, bir ara Gürcüstan tamam başqa formatda–GUAM-da fəallıq edirdi, daha çox Ukrayna və Moldova ilə yaxınlıq-birgəlik nümayiş etdirirdi. Düşünürük, onun yeni geosiyasi formata - Cənubi Qafqaz üçlüyünə qayıtmasına ehtiyac var. Hazırda bu müstəvidə də çox ciddi proseslər gedir və Allah eləsin, iyunda Ermənistanda baş tutacaq seçkilər prosesi pozmasın.
Tiflisdən arabir hərbi-siyasi neytrallıq haqda söhbətlər gəlir. Niyə də yox? Niyə qonşu ölkə daha təhlükəsiz olan Qoşulmama Hərəkatına üzv olmasın? Axı hətta Moldova da avro-inteqrasiya məsələsində çox fərqli xətt aparırdı ən azı son vaxtalra qədər: Kişinyov Avropa İttifaqına can atır, amma NATO ilə distansiya saxlayırdı! Tiflis niyə bunu etməsin?..
O ki qaldı bir daha bu üç ölkənin “böyük güc”lərə münasibətinə, arada soyuqluq ola bilər, amma ABŞ, hətta Çin Cənubi Qafqaz ölkələri üçün qəti problem deyil, onların birləşməsi hətta Vaşinqtonun bu bölgəyə və bu ölkələrə münasibətini dəyişəcək. Hələlik problem yalnız Moskvadan gəlir, amma hətta regionda bizə dəstək ola biləcək Türkiyə var. Ən əsası isə budur ki, burada Kremlçün tutacaq olmasın – bu isə bizdən asılıdır...






