Qara dəniz 6 dövlətlə əhatə olunub. Bunlar Türkiyə, Rusiya, Ukrayna, Gürcüstan, Rumıniya və Bolqarıstandır. Bu ölkələrin hamısının Qara dənizdə sahili var. Rusiya Prezidenti Vladimir Putin isə Kiyevi Ukraynanın Qara dənizə çıxışını bağlaya biləcəyi ilə hədələyib.
Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a şərhində bildirib ki, hədənin reallığa çevrilməsi texniki və diplomatik baxımdan mürəkkəbdir. Digər Qara dəniz sahili dövlətlər də buna müsbət yanaşmaz: “Bununla belə, bu cür bəyanatlar regionda gərginliyi artırır. Putinin hədəsinin gerçəkləşdirilməsi Ukraynanı ticarət dəniz yolları, dəniz nəqliyyatı və beynəlxalq ticarət riski ilə üz-üzə qoya bilər”.
Ekspert qeyd edib ki, Qara dəniz sahilində olan 6 dövlətin dənizdə ən güclüsünün hansı olduğunu söyləmək üçün onların müxtəlif istiqamətlər üzrə göstəricilərinə diqqət etmək lazımdır: “Güc bir neçə göstəriciyə bağlıdır: ordu və dəniz donanması, strateji mövqe, iqtisadi güc, beynəlxalq alətlər-ittifaqlar və s. Bu amilləri birlikdə götürəndə görünür ki, hansı ölkənin imkanı hansı səviyyədədir. Rusiyanın dəniz və hərbi qüvvələri regionda üstün sayılır. Onun Qara Dəniz Donanması uzun illərdir modernizasiya olunub və raket-daşıyıcı gəmilər, kiçik sualtı qayıqlar, raketli korvetlər və s. kimi güclü komponentlərə malikdir. Bu, Rusiyanı dəniz müharibəsi baxımından regionda “lokal supergüc” halına gətirir. Coğrafi görünüş və strateji üstünlük məsələsinə gəlincə, Rusiyanın Qara dənizlə bağlı uzun tarixi, limanları və dəniz infrastrukturu var.
Qara dənizdə digər güclü dövlət Türkiyədir. Türkiyə regionda Rusiyadan sonra ən güclü orduya və hərbi-dəniz qüvvələrinə malikdir. Onun silahlı qüvvələri nisbətən genişdir, müasir texnika və nisbətən yüksək müdafiə xərcləri var. Türkiyənin Qara dənizdə uzun sahil xətti var ki, bu da dəniz nəzarəti və strateji mövqe baxımından ona üstünlük verir. Bundan əlavə, Türkiyə NATO üzvüdür və beynəlxalq münasibətlərdə müəyyən üstünlüklərə malikdir. Bu da regiondakı güc balansında mühüm amildir”.
R.Məhərrəmov deyib ki, Qara dəniz sahili ölkələrindən Ukrayna, Rumıniya, Bolqarıstan və Gürcüstanın gücü bəzi lokal sahilyanı sahələrdə, diplomatik baxımdan və ya regional əməkdaşlıq baxımından əhəmiyyətli olsa da, Rusiya və Türkiyə ilə müqayisədə daha zəifdir: “Rumıniya və Bolqarıstan son illər hərbi xərclərini artırmağa çalışır, lakin donanma və hava qüvvələri baxımından geniş modernləşmiş səviyyəyə çata bilməyib.
Ukrayna coğrafi və strateji mövqeyinə baxmayaraq, 2022-ci ildən sonra ciddi gərginlik və müharibə şəraiti səbəbindən gücü çox dəyişib, dəniz donanması Qərbdən ciddi dəstəyi olmasa Rusiya qarşısında duruş gətirməkdə çətinlik çəkər.
Türkiyə Qara dənizdə demək olar ki, Rusiya qədər güclü olsa da Qara dənizdə müharibə istəmir. Yəqin ki, Ankara Rusiya ilə mümkün diplomatik danışıqlar aparacaq ki, Ukraynanın Qara dənizə çıxışının kəsilməsi istiqamətində praktiki addımlardan Kremli çəkindirsin”.
Etibar Seyidağa,
Musavat.com






