“Avrora” təşəbbüsü Ruben Vardanyan barədə bəyanat yayaraq onun barəsində çıxarılan hökmü guya humanitar fəaliyyətə qarşı addım kimi təqdim edib.
Musavat.com xəbər verir ki, bəyanatda Vardanyanın illərlə təhsil, sosial inkişaf və humanitar layihələrə töhfə verdiyi iddia olunur və onun azadlığa buraxılması üçün beynəlxalq ictimaiyyətə çağırış edilir.
Lakin bu təqdimat reallıqla uzlaşmır. Söhbət Azərbaycan xalqının və Azərbaycan Respublikasının BMT tərəfindən tanınmış ərazi bütövlüyü və suverenliyinə qarşı fəaliyyət göstərmiş bir şəxsdən gedir.
Ruben Vardanyan Rusiya vətəndaşlığından imtina edərək qanunsuz şəkildə Azərbaycanın Qarabağ bölgəsinə daxil olub və qondarma separatçı rejimdə rəhbər vəzifələrdən birini tutub. Müharibədən sonra rus sülhməramlılarının nəzarətində olan ərazilərdə fəaliyyət göstərməsi onun bölgəyə təsadüfən deyil, konkret tapşırıq və plan əsasında gətirildiyi barədə suallar doğurur. Milyarder statusuna malik bir adamın heç bir səbəb olmadan başqa ölkənin suveren ərazisinə gəlib separatçı quruma qoşulması məntiqsizdir — deməli, bu addım arxasında müəyyən dairələrin təşəbbüsü dayanır.
Bu şəxs separatçı silahlı dəstələrin maliyyələşdirilməsində iştirak edib, Azərbaycan xalqına qarşı cinayətlərdə rol alıb və terror fəaliyyətinə dəstək verib. O, Azərbaycan dövlətindən icazə almadan sərhədi qanunsuz keçib və ölkənin qanunlarını pozaraq fəaliyyət göstərib. Buna görə də onun barəsində çıxarılan hökm qanuni və əsaslıdır.
Belə bir şəxsi “humanitar yardım təşkilatçısı” və ya təhsil təşəbbüskarı kimi təqdim etmək absurd görünür. Söhbət xeyriyyəçilikdən deyil, separatizmin maliyyələşdirilməsi və Azərbaycan dövlətinə qarşı fəaliyyətlərdən gedir. Onun yeri azadlıq yox, məhz həbsxanadır.
Bu gün bəzi Qərb və ermənipərəst dairələr onu “əzabkeş” obrazında təqdim etməyə çalışsa da, ortada faktlar var: qanunsuz giriş, separatçı fəaliyyət və terrorun maliyyələşdirilməsi. Ona görə məsələ humanitar yox, birbaşa cinayət məsuliyyəti məsələsidir.
Musavat.com






