Bütün Ermənilərin Katolikosu II Qaregin Ali Ruhani Şuranın üsyankar ruhanilər arasında olan bəzi üzvlərinin səlahiyyətlərini dayandırıb. Bu, Şuranın Nizamnaməsinin 7-ci maddəsinə uyğun həyata keçirilib.
Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Armenia" məlumat yayıb.
Məlumata görə, yeni tərkiblə iclas bu gün saat 17:00-da keçiriləcək.
Bu qərar isə Ermənistan Apostol Kilsəsinin rəhbərinə qarşı çıxan bəzi yepiskopların narazılığına səbəb olub. Onların arasında Armavir Yeparxiyasının rəhbəri Sion Adamyan, Masyatsotn Yeparxiyasının rəhbəri Gevork Saroyan və Baltikyanı Dövlətlər Yeparxiyasının rəhbəri Vazgen Mirzaxanyan da var.
Onlar həmçinin Şuranın mandatının 2021-ci ildə bitdiyini və üsyankar yepiskopların 28 noyabrda keçirilən son iclasında iştirak etmədiyini iddia edirlər. İmza sahibləri həmçinin bütün Ermənilərin Katolikosu II Qaregini “Kilsənin düzgün idarə edilməməsi ilə bağlı ciddi problemlərdə” ittiham ediblər və son bəyanatlarında bu problemlərin həlli yollarının göstərildiyini xatırladıblar.
Bu məsələ ilə bağlı Eçmiədzin rəsmi açıqlama yayıb. Xüsusilə, Kilsə Nümayəndələr Məclisinin qərarı ilə Ali Ruhani Şuraya seçkilərin 6-8 iyun 2017-ci il tarixlərində keçirildiyini qeyd edib.
Ermənistanda hökumətlə Kilsə arasındakı münaqişə 2018-ci ilə təsadüf edir. Həmin il inqilabi fəallar hakimiyyət dəyişikliyindən dərhal sonra katolikosların dəyişdirilməsinin vacibliyini bəyan ediblər. Erməni Apostol Kilsəsinin 10 iyerarxı hökumətin II Qareginə qarşı kampaniyasına qoşulduqda qarşıdurma yenidən alovlanıb.
Musavat.com






