Qazaxıstanda korrupsiya cinayətlərinə görə məhkum olunmuş şəxslərin seçkilərdə iştirakına qadağa qoyulması planlaşdırılır. Bu qadağanın konstitusiyada təsbit edilməsi təklif olunur.
Musavat.com bildirir ki, bu barədə parlamentin yuxarı palatasının deputatı, Konstitusiya Komissiyasının üzvü Nurlan Beknazarov məlumat verib.
Onun sözlərinə görə, korrupsiya cinayətlərində təqsirli bilinən şəxslər dövlət idarəçiliyində yer almamalıdır.
Deputat bildirib ki, məhkəmə tərəfindən fəaliyyət qabiliyyətsiz sayılan və azadlıqdan məhrumetmə cəzası çəkən şəxslərin də seçkilərdə iştirak hüququ olmamalıdır.
Bundan başqa, xaricə daimi köçən, Qazaxıstan vətəndaşlığını itirən və ya seçildiyi partiyanı tərk edən deputatların mandatlarının ləğv edilməsi də təklif olunur.
Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev isə Konstitusiyaya genişmiqyaslı dəyişikliklər planlaşdırır. Onun təşəbbüsünə əsasən, ölkədə 145 deputatdan ibarət birpalatalı parlament yaradılması, vitse-prezident vəzifəsinin təsis edilməsi və siyasi sistemin yenilənməsi nəzərdə tutulur.
Hazırda bu islahatlar üzərində Konstitusiya Komissiyası işləyir. Dəyişikliklərin ümumxalq referendumuna çıxarılması planlaşdırılır, lakin tarix hələ açıqlanmayıb.
Musavat.com






