İnsanlara hürriyət, millətlərə istiqlal!

Qərarlar Vaşinqtonda deyil, Londonda verilir - Zelenskini təslim olmaqdan kim qurtardı?

2068 09.12.2025 11:32 Siyasət A A

Xəbər verdiyimiz kimi, Londonda Almaniya kansleri Fridrix Mertz, Fransa prezidenti Emmanuel Makron, Ukrayna prezidenti Volodimir Zelenski və Böyük Britaniyanın baş naziri birgə görüş keçiriblər.

Qapalı formatda baş tutan görüşdə Avropada təhlükəsizlik məsələləri, Ukraynadakı müharibənin gedişi, Rusiyanın son addımları, enerji təchizatı və qlobal siyasi balansdakı dəyişikliklər müzakirə olunub. Liderlər regional risklərin artdığı bir dövrdə həm NATO daxilində, həm də Avropa İttifaqı xətti ilə koordinasiyanın vacibliyini vurğulayıblar.

Bəs siyasi analitiklər bu görüşü necə dəyərləndirir?

MEHEMMED.jpg (68 KB)

Politoloq Məhəmməd Əsədullazadə Musavat.com-a danışıb:

"Artıq qərarlar Vaşinqtonda deyil, Londonda verilir. Avropa İttifaqı ABŞ-Rusiya sövdələşməsinin üstündən xətt çəkdi. Məhz bu dördlük Vladimir Putin tərəfindən qəbul edilən Donald Trampın 28 bəndlik "sülh planı"nın reallaşmasına imkan vermədi.

Ukraynanın təslim aktına imza atmamasında bu üçlüyün rolu xüsusi əhəmiyyət kəsb edir. Avropa İttifaqı güclənir və müstəqil şəkildə öz müdafiəsini, təhlükəsizliyini təmin edir. ABŞ-Avropa əlaqələrinin pozulması birbaşa Vaşinqtonun beynəlxalq güc statusunu itirməsi ilə nəticələnəcək. Məhz ABŞ Avropa dövlətləri ilə müttəfiqlik əlaqələrinə görə fövqəladə gücdür. Tramp Putinə reveranslarına görə ABŞ Avropa kimi əsas müttəfiqini itirir".

Politoloqun fikrincə, dünya siyasi nizamında Avropa yeni güc kimi ortaya çıxacaq:

"ABŞ Qərb yarımkürəsinə çəkilir. NATO Avropa ölkələrinin bloku olacaq. Rusiyanın Avropa ilə mübarizəsinin səmərəsiz və böyük itkilərlə nəticələnməsi gözlənilir. Avropa İttifaqının Çinlə müttəfiqlik yolunda addımlar atması istisna deyil.

Avropa İttifaqı Zəngəzur dəhlizinə maraq göstərir və regionda öz geosiyasi mövqelərini gücləndirməyə çalışır. Bu dəhliz vasitəsilə Mərkəzi Asiya və Çinlə birbaşa quru yol əldə edir. ABŞ administrasiyası Avropanın təhlükəsizliyini təhdid edərək Rusiya ilə strateji tərəfdaşlıq qurmaq planına malikdir. Bu planın əsas müəllifi Uitkoff və vitse-prezident Vensdir.

ABŞ-ın Avropasız Ukrayna ilə bağlı siyasəti effektli olmayacaq. ABŞ hazırkı xəttini davam etdirsə, Ukrayna ABŞ-la danışıqları kəsəcək. Birbaşa rolda London olacaq".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR