“Amnesty International” insan hüquqları təşkilatı erməni hərbi canilərlə bağlı bəyanat yayıb.
Musavat.com-un xəbərinə görə, qərəzli bəyanatda xüsusən Ruben Vardanyana oxunan hökmə münasibət bildirilib.
Rusiyanın Qarabağa göndərdiyi emissarı müdafiə edən Qərb təşkilatı Bakıya qarşı əsassız ittihamlar səsləndirib. Təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya üzrə direktoru Mari Strathers sərsəmləyərək bildirib ki, “16 təqsirləndirilən şəxsin məhkum edilməsi və Ruben Vardanyana qarşı bu hökmün çıxarılması əsl faciədir”. Onun sözlərinə görə, “bu hökmlər beynəlxalq hüquqla qadağan olunmuş cinayətlərin bütün qurbanlarına təhqirdir”.

Qeyd edək ki, “Amnesty International” həmişə anti-Azərbaycan hesabatlarla çıxış edib. Təkcə bu qeyri-hökumət təşkilatı deyil, “Human Rights Watch” və digərləri də eyni qərəzli hesabatlarla çıxış edir. Xüsusən də Qarabağ məsələsi və LGBT mövzusunda tamamilə absurd ittihamlar səsləndirilir. Ötən il Prezident İlham Əliyev ADA Universitetində “Yeni dünya nizamına doğru” mövzusunda keçirilən beynəlxalq forumda bu təşkilatların fəaliyyətinə toxunmuşdu: “Xoş xəbərdir ki, "AzadlıqRadiosu", “Azad Avropa” və “Amerikanın Səsi” artıq fəaliyyətini dayandırıb. Amma bu, kifayət deyil, daha dərinə getmək lazımdır. “Human Rights Watch”, “Freedom House”, “Amnesty İnternational”, “Transparency” - onun siyasi düşmənlərinin bütün bu infrastrukturu tamamilə fəaliyyətsiz vəziyyətə gətirilməlidir. Biz bütün o qarayaxma kampaniyaları ilə, əlaqələndirilmiş hücumlarla üzləşmiş bir ölkə olaraq onların necə işlədiklərini, necə fəaliyyət göstərdiklərini çox yaxşı bilirik".
Emil Salamoğlu
Musavat.com






