22–25 yanvar tarixlərində Rumıniyanın Moisey şəhərində Rumıniya, Moldova, Ukrayna və Albaniyanın hüquq parlament komissiyalarının İllik Üçüncü Forumu keçirilib. “Avropa inteqrasiyasının və fundamental hüquqların müdafiəsinin əsası kimi hüququn aliliyi” mövzusuna həsr olunan tədbirdə Azərbaycan tərəfi xüsusi qonaq qismində iştirak edib. Bu barədə Musavat.com-a Azərbaycanın Rumıniyadakı səfirliyindən məlumat verilib.
Forum çərçivəsində 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar ölkəmizin memarlığına həsr edilmiş fotosərgi təşkil edilib. Sərgidə nümayiş etdirilən fotomateriallarda Azərbaycanın, xüsusilə Qarabağ bölgəsinin şəhər mühiti və memarlıq mənzərəsinin dinamik inkişafı, müasir urbanistik transformasiyaların bariz nümunələri əks olunub. Eyni zamanda, sərgidə təqdim olunan fotolarda Azərbaycanda mövcud olan mina problemi də diqqət mərkəzinə çəkilib.

Tədbirdə Rumıniya, Moldova, Ukrayna və Albaniya parlamentlərinin deputat və senatorları, Rumıniyanın Prokurorluq və Ali Məhkəməsinin rəhbərliyi, bu ölkədə akkreditə olunmuş diplomatik korpusun nümayəndələri, hüquqşünaslar və ictimai-siyasi xadimlər iştirak ediblər.
Sərginin açılış mərasimində çıxış edən Azərbaycanın Rumıniyadakı səfiri Qüdsi Osmanov Azərbaycan–Rumıniya münasibətlərindən bəhs edib, iki ölkə arasında həyata keçirilən layihələr, planlaşdırılan qarşılıqlı səfərlər və birgə tədbirlər barədə məlumat verib. Səfir 2026-cı ilin Azərbaycanda “Şəhərsalma və Memarlıq İli” elan edildiyini, həmçinin bu ilin may ayında BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Bakıda keçiriləcəyini diqqətə çatdırıb. O, ölkəmizdə təşkil olunan beynəlxalq tədbirlərin regionda əməkdaşlığın möhkəmləndirilməsində, siyasi, iqtisadi və mədəni əlaqələrin inkişafında mühüm rol oynadığını vurğulayıb.
Səfir Qüdsi Osmanov çıxışında Azərbaycanın, xüsusilə Qarabağ bölgəsində müasir şəhərsalma prinsipləri əsasında həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma tədbirlərinə toxunaraq, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərin regionda sülh və sabitlik yaratdığını, bunun isə beynəlxalq əhəmiyyətli logistika və nəqliyyat layihələrinin reallaşdırılması üçün etibarlı zəmin formalaşdırdığını qeyd edib.

Tədbirdə çıxış edən rumıniyalı senator, iqtidarda olan Milli Liberal Partiyasının (PNL) parlament fraksiyasının sədr müavini, Rumıniyanın Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü və Rumıniya–Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvü Kristian-Avqustin Nikulesku-Tsıqırlaş iki ölkə arasında qarşılıqlı fayda və strateji tərəfdaşlıq əsasında qurulan münasibətlərə diqqət çəkib. O, ötən ilin avqust ayında Azərbaycana, xüsusilə Qarabağ bölgəsində Xankəndi və Şuşa şəhərlərinə etdiyi səfəri xatırladaraq, bölgədə şahidi olduğu genişmiqyaslı tikinti-quruculuq işləri və hərtərəfli inkişaf prosesindən danışıb. Senator Azərbaycanın regionda beynəlxalq logistika və nəqliyyat layihələri çərçivəsində artan rolunu xüsusi vurğulayıb.
Qeyd olunub ki, təqdim olunan fotosərgi forum iştirakçıları və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Musavat.com






