Rusiya ABŞ-yə diplomatik nota göndərərək "Bella 1" adlı neft tankerinin təqibinin dərhal dayandırılmasını tələb edib.
Musavat.com xəbər verir ki, bu barədə "The New York Times" məlumat yayıb.
Məlumata görə, müraciət 31 dekabr axşamı ABŞ Dövlət Departamentinə, həmçinin Ağ Evin Daxili Təhlükəsizlik Şurasına göndərilib. Rusiya tərəfi bəyan edib ki, sözügedən gəmi Rusiya Federasiyasının himayəsi altındadır.
Daha əvvəl "The Insider" xəbər vermişdi ki, tanker İrandan Venesuelaya doğru hərəkət edib və Karib dənizində ABŞ Sahil Mühafizəsi tərəfindən saxlanılıb. ABŞ hakimiyyəti gəminin etibarlı bayrağının olmadığını və bayraqsız (dövlətsiz) gəmi sayıldığını bildirib.
Ekipajın tələblərə tabe olmaqdan imtina etməsindən sonra tanker Atlantik okeanına doğru geri dönüb. Dənizçilər Rusiya yurisdiksiyasını əsas gətirərək bortda Rusiya bayrağını qaldırıblar. Daha sonra gəmi Soçi limanı qeydiyyat yeri göstərilməklə Marinera adı altında Rusiya reyestrində peyda olub.
Musavat.com






