İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya Avropaya ATOM bombası atacaq? – Lavrovdan HƏDƏ kimi eyham

635 19.02.2026 19:55 Dünya A A

Rusiya xarici işlər naziri Sergey Lavrov “Al Arabiya” telekanalına müsahibəsində Avropa ölkələrini heç vaxt olmadığı tərzdə hədələyib. Lavrov bildirib ki, Rusiya müharibə axtarmır və müharibə istəmir. Lakin onun sözlərinə görə, əgər Avropa ölkələri “səhvlərini anlayıb birlikdə yaşamaq məcburiyyətində olduqlarını qəbul etmək” əvəzinə, Rusiyaya qarşı müharibəyə hazırlaşsalar, bu halda vəziyyət tam fərqli olacaq.

“Biz Ukraynada xüsusi hərbi əməliyyat aparırıq. Amma əgər onlar müharibə istəyirlərsə, bu, tamam başqa müharibə və tamam başqa vasitələrlə aparılan müharibə olacaq”, – deyə Lavrov vurğulayıb.

Lavrov "tamam başqa vasitələrlə aparılan müharibə" deyərkən nəyi nəzərdə tuta bilər? Ukraynaya qarşı 4 illik müharibədə çox böyük sayda canlı qüvvə və hərbi texnika itkilərinə məruz qalan Rusiyanın əlində "Köhnə qitə"yə qarşı müharibə üçün hansı vasitələr var? Avropa Lavrovun bu xəbərdarlığından narahat olmalıdırmı?

Hərbi ekspert, polkovnik Rövşən Məhərrəmov Musavat.com-a bildirib ki, Lavrovun “tamam başqa vasitələrlə aparılan müharibə” ifadəsi daha çox diplomatik ritorikadır və psixoloji təzyiq mesajı daşıyır: "Lakin eyni zamanda, nəzərə almaq lazımdır ki, Rusiya son 4 ildə nə qədər zəifləsə də, hərbi itkilər yaşasa da, nüvə silahına malik olan, islaholunmaz xarakterli imperiya təfəkkürlü təhlükəli dövlətdir. Rusiya dünyanın ən böyük nüvə arsenalına malik dövlətlərindən biridir. Lavrovun hədə xarakterli mesajında dolayısı ilə bu imkana malik olduqları nəzərdə tutulur.

Xatırlayırsınızsa, Putin çıxışlarının birində demişdi ki, Rusiyanın mövcud olmadığı dünya mövcud olmamalıdır. İndi isə Lavrov deyir ki, yeni müharibə Ukrayna müharibəsi kimi olmayacaq tamam başqa vasitələrlə aparılacaq. Belə hesab etmək olar ki, Avropanı kütləvi qırğın silahları ilə hədələyirlər. Rusiyanın strateji nüvə qüvvələri, taktiki nüvə silahı, qitələrarası ballistik raketləri, hipersəsli silah sistemləri var. Lavrov başqa vasitələr deyərkən bu vasitələrə işarə edə bilər. Bu tip ritorika xüsusilə NATO ölkələrinə “qırmızı xətt” mesajıdır. Rusiya o dərəcədə aqressivləşib ki, ondan nəinki Avropa ölkələrinə, bütün dünyaya qarşı ağılsız hərəkət gözləmək mümkündür”.

Ekspert onu deyib ki, Ukrayna müharibəsi Rusiyanın resurslarını ciddi şəkildə azaldıb: "Artıq Rusiyanın əsas güvəndiyi nüvə silahıdır. Avropa Rusiyadan gələn hədədən narahat olmalıdır və nə qədər ki, gec deyil, bu aqressiv dövlət cilovlanmalıdır".

Etibar Seyidağa,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR