Rusiyada ilk dəfə olaraq aborta sövq etməyə görə inzibati cərimə tətbiq edilib.
Musavat.com xəbər verir ki, Saransk şəhər məhkəməsi bir nəfəri 5 min rubl (107 azn) məbləğində cərimələyib. Bu barədə işi aparan “Həyat naminə qadınlar” fondu məlumat yayıb.
Məlumata görə, Mordoviyada yaşayan qadın əkizlərə hamilə qalıb. Uşaqların bioloji atası hamiləliyin süni yolla dayandırılmasında israr edib və prosedurun xərclərini ödəməyə hazır olduğunu bildirib. Qadın bu təzyiqi qəbul etməyərək əlaqəni kəsib və 2025-ci ilin iyulunda bir oğlan və bir qız dünyaya gətirib.
Doğuşdan sonra qadın məhkəməyə müraciət edərək, tərəfdaşının davranışlarının ona ağır emosional travma yaşatdığını bildirib. Məhkəmədə kişi əvvəlki sözlərini inkar etməyə çalışsa da, məhkəmə ana tərəfinin mövqeyini əsaslı sayıb və cərimə qərarı çıxarıb.
Bu qərar Rusiyada aborta məcburetmə və ya təzyiqə görə inzibati məsuliyyətin real tətbiqi üzrə ilk presedent kimi qiymətləndirilir.
Musavat.com






