İnsanlara hürriyət, millətlərə istiqlal!

Rusiya xaricdə yaşayan vətəndaşlarına nəzarəti sərtləşdirir

609 24.01.2026 13:49 Siyasət A A

Rusiya XİN ikinci vətəndaşlıq və yaşayış icazəsi barədə bildiriş verməyənlər üçün cinayət məsuliyyəti tətbiqini nəzərdə tutan qanun layihəsi hazırlayıb.

Musavat.com xəbər verir ki, bu təşəbbüsə “Verstka” nəşri diqqət çəkib.

Mövcud qanunvericiliyə əsasən, Rusiya vətəndaşları ikinci vətəndaşlıq və ya müvəqqəti yaşayış yeri barədə Rusiya Daxili İşlər Nazirliyinə məlumat verməsi könüllü xarakter daşıyır.

XİN isə bildiriş verməyi vətəndaşın harada olmasından asılı olmayaraq məcburi etməyi təklif edir — həm DİN-ə, həm də konsulluq və diplomatik nümayəndəliklərə müraciət edilməlidir. Tələblərin pozulması halında Cinayət Məcəlləsinin 330.2-ci maddəsi qüvvədə qalacaq. Həmin maddəyə əsasən, 200 min rubladək cərimə, yaxud bir ilədək gəlir məbləğində cərimə, həmçinin 400 saata qədər məcburi ictimai işlər cəzası nəzərdə tutulur. Rusiya vətəndaşının xarici dövlət ərazisində daimi yaşamaq hüququnu təsdiqləyən digər sənədlər barədə də bildiriş vermək öhdəliyi təklif olunur. Layihədə bu sənədlərin konkret siyahısı göstərilmir. Bundan əlavə, XİN qanunvericiliyə yeni anlayış — “Rusiya Federasiyasından kənarda daimi yaşayan vətəndaş” terminini daxil etməyi təklif edir. Qanun layihəsi indiki redaksiyada qəbul olunarsa, 1 yanvar 2028-ci ildən qüvvəyə minəcək.
Rusiya XİN-in irəli sürdüyü bu qanunvericilik təşəbbüsü ilk növbədə dövlətin xaricdə yaşayan vətəndaşlar üzərində nəzarəti sərtləşdirmək niyyətindən xəbər verir. Təklif olunan dəyişikliklər təkcə hüquqi texniki düzəliş deyil, daha geniş siyasi strategiyanın tərkib hissəsi kimi qiymətləndirilə bilər.

Hazırda qüvvədə olan qaydalara əsasən, xaricdə yaşayan Rusiya vətəndaşları ölkəyə qayıtdıqdan sonra bildiriş vermək öhdəliyi daşıyırlar. Yeni layihə isə bu mexanizmi dəyişərək, vətəndaşın fiziki olaraq harada olmasından asılı olmayaraq daimi və məcburi bildiriş sistemini tətbiq etməyi nəzərdə tutur. Bu, hüquqşünasların fikrincə, eksteryitorial hüquqi öhdəliklərin genişləndirilməsi deməkdir və beynəlxalq hüququn bəzi prinsipləri ilə ziddiyyət yarada bilər.

Picture background
Xüsusilə “xaricdə daimi yaşayan vətəndaş” anlayışının geniş və qeyri-müəyyən formada təsbit edilməsi hüquqi risklər yaradır. Bu təşəbbüs Rusiyanın son illər izlədiyi kursla — yəni diaspor və mühacirət etmiş vətəndaşlar üzərində inzibati və psixoloji təzyiqin artırılması siyasəti ilə uzlaşır. Xüsusən 2022-ci ildən sonra ölkəni tərk etmiş yüz minlərlə vətəndaş fonunda Kremlin əsas məqsədlərindən biri onların hüquqi statusunu daim nəzarətdə saxlamaqdır.Bildirişin cinayət məsuliyyəti ilə müşayiət olunması, faktiki olaraq, xaricdə yaşayan rusiyalılar üçün daimi hüquqi risk zonası yaradır. Bu isə siyasi baxımdan müxalif düşüncəli və ya aktiv mövqedə olan şəxslərin daha asan təzyiq altına alınmasına imkan verə bilər.

Qanun layihəsi qəbul edilərsə, bu, ikili vətəndaşlığa və ya mühacirətə malik şəxslərin hərəkət azadlığını və hüquqi təhlükəsizliyini zəiflədəcək. Eyni zamanda, konsulluqların məcburi bildiriş mexanizminə cəlb olunması onların klassik diplomatik funksiyalarından kənara çıxması anlamına gəlir.Bu yanaşma Rusiya ilə digər dövlətlər arasında konsulluq münasibətlərində gərginlik yarada, həmçinin insan hüquqları sahəsində beynəlxalq tənqidlərə səbəb ola bilər.

Ümumilikdə, təklif edilən dəyişikliklər hüquqi tənzimləmədən daha çox siyasi nəzarət aləti təsiri bağışlayır.

Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR