Rusiya idmanının beynəlxalq arenadan kənarda qalması mərhələsinin sona yaxınlaşdığı bildirilir.
Musavat.com xəbər verir ki, The New York Times nəşrinin yazdığına görə, İtaliyanın Milan şəhərində keçirilən son iclas zamanı Beynəlxalq Olimpiya Komitəsi daxilində rusiyalı idmançıların yenidən beynəlxalq yarışlara qaytarılması məsələsi müzakirə olunub.
Məlumata əsasən, toplantıda bir sıra üzvlər Rusiyanın idman yarışlarına mərhələli şəkildə qayıdışının mümkünlüyünü ifadə ediblər. Qeyd olunur ki, son aylarda beynəlxalq idman strukturlarında “tam təcrid” siyasətinin davamlılığı ilə bağlı şübhələr artmaqdadır.
Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Kirsti Koventri mövzuya münasibət bildirərək vurğulayıb ki, idman siyasi qarşıdurmaların alətinə çevrilməməli, neytral və birləşdirici platforma olaraq qalmalıdır. Onun sözlərinə görə, Olimpiya dəyərlərinin əsasında ayrı-seçkilik yox, universallıq dayanır.
Nəşrin təhlilinə görə, bu mövqe yaxın dövrdə beynəlxalq federasiyaların qərarlarına da təsir göstərə və rusiyalı atletlərin neytral statusda yarışlara buraxılması praktikasını genişləndirə bilər. Bu isə faktiki olaraq Rusiyanın dünya idmanına qayıdışı anlamına gəlir.
Musavat.com






