İnsanlara hürriyət, millətlərə istiqlal!

Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib FOTO

255 05.06.2026 16:33 Mədəniyyət A A

Türkmənistanda Azərbaycan Mədəniyyəti Günləri zəngin proqramla davam edir. İyunun 5-də Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə paytaxt Aşqabad şəhərində yerləşən Böyük Saparmurat Türkmənbaşı adına Türkmənistan Dövlət Təsviri Sənət Muzeyində “Azərbaycan milli irsinin inciləri” adlı sərginin açılışı keçirilib.

Tədbirdə Türkmənistan mədəniyyət nazirinin müavini Nursəhet Şirimov, Azərbaycan mədəniyyət naziri Adil Kərimli və Türkmənistan Dövlət Təsviri Sənət Muzeyinin direktoru İsmail Orazov çıxış ediblər.

Qonaqların sərgi ilə tanışlığı zamanı məlumat verilib ki, təqdimat Azərbaycan Milli İncəsənət Muzeyinin “Əzim Əzimzadənin əsərlərində yaşayan milli irsimiz” sərgisi, Azərbaycan Milli Xalça Muzeyinin fondundan ənənəvi və müəllif xalçalarının nümayişi, eləcə də ənənəvi sənətkarlıq sərgisi və “Müasir modada milli naxışlar” adlı moda tanıtımını əhatə edir.

Ekspozisiyada Xalq rəssamı, Azərbaycan peşəkar qrafika sənətinin banilərindən olan Əzim Əzimzadənin (1880-1943) əsərləri ilə yanaşı, həmin əsərlərdə təsvir edilən mühit muzey eksponatları vasitəsilə tamaşaçılara çatdırılır.

Sərgidə XIX əsrdən bu günədək dövrü əhatə edən xovlu, xovsuz xalçalar və xalça məmulatları, bədii metal, tikmə nümunələri təqdim olunur. Sərgini Xalq rəssamı Eldar Mikayılzadənin əl işləri daha da dolğunlaşdırır.

Sərgi məkanında qurama sənəti ilə bağlı nümunələr də yer alıb. Mərhum Xalidə Nəsirova tərəfindən yaradılan quramalar türk dünyagörüşünün parlaq ifadəsidir.
Şəbəkə sənəti, əlvan şüşələrdən hazırlanan işıqlı kompozisiyalar Şəkidən olan sənətkar Hüseyn Hacımustafazadə tərəfindən “ustad dərsi” formatında əyani şəkildə göstərilir. Zərgərliklə bağlı ənənələr isə sənətkar Füzuli Əlizadə tərəfindən təqdim olunur.

Burada həmçinin tanınmış modelyer Gülnarə Xəlilova və gənc modelyer Anara Zakirlinin “Müasir modada milli naxışlar” adlı geyim kolleksiyası nümayiş etdirilir.
Ümumi konteksti Azərbaycan mədəni irsinin kompleks şəkildə təqdimatına xidmət edən sərgi ziyarətçilər tərəfindən maraqla qarşılanır.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR