Musavat.com xəbər verir ki, NATO-nun gələcək baş katibi Mark Rutte Ukraynaya dəstək və müdafiə sənayesinin rolu barədə danışarkən Türkiyəni nümunə kimi göstərib. Onun sözlərinə görə, Rusiyanın ordunu sürətlə böyütməsinə cavab yalnız əsgər sayını artırmaqla deyil, eyni zamanda güclü müdafiə sənayesi ilə verilə bilər.
Rutte xatırladıb ki, Türkiyədə müdafiə sənayesi ekosisteminin tərkib hissəsi olan 3 mindən çox şirkət fəaliyyət göstərir və belə geniş istehsal qabiliyyəti həm caydırıcılıq, həm də müdafiənin davamlılığı baxımından kritik əhəmiyyət daşıyır.
ABŞ-ın Ukraynaya silah tədarükünü dayandıra biləcəyi ehtimalını rədd edən Rutte bildirib: “B planına ehtiyac yoxdur. ABŞ və digər NATO müttəfiqlərinin Ukraynaya dəstəyi son dərəcə ardıcıldır”.
Onun sözlərinə görə, iyul ayında işə düşən PURL proqramı çərçivəsində artıq 4 milyard dollarlıq kritik hərbi təchizat çatdırılıb və ilin sonuna qədər bu rəqəmin 5 milyard dollara çatacağı gözlənilir.
Rutte həmçinin sülhə nail olmaq üçün Rusiyaya təzyiqin davam etdirilməli olduğunu vurğulayıb: “Heç yerə getmirik, qətiyyətliyik və Ukraynanın savaşı davam etdirə bilməsi üçün lazım olan hər şeyi verməyə davam edəcəyik. Putin anlamalıdır ki, onun çıxış yolu yoxdur və gec-tez güzəştə getməyə məcbur qalacaq”.
Musavat.com






