Hər məsələdə olduğu kimi, Rza Pəhləvi məsələsində də azərbaycanlıların fikri haçalaşıb, iki tirə yaranıb.
İndilikdə Rza Pəhləviyə qarşı olanlar çox, ona dəstək ifadə edənlər azdır. Ola bilsin, heç gələcəkdə də tərəzinin gözləri taraz olmayacaq, Pəhləviyə qarşı olanlar ağır basacaq.
Çünki insanlar bu günə qiymət verərkən mütləq tarixə boylanır, olub-bitənlərə istinad edir, təcrübədən yararlanırlar. Keçən günlərin xatirələri Pəhləvilərin xeyrinə deyil.
Rza Pəhləvinin atası və babası İran şahı olub və heç də mötədil, humanist olmayıblar, tiranlıq ediblər, orta əsrlər şahları səltənətlərini qorumaq üçün necə qəddar olublarsa, onlar da elə olublar.
Burada bir məqamı mütləq qeyd etməliyik ki, Rzanın atası Məhəmmədrza və babası Rza heç də təkcə İranda yaşayan Azərbaycan türklərinə qarşı amansız olmayıblar, onlar yeri gələndə farsları da, kürdləri də, ərəbləri və bəlucları da ayrı-seçkilik etmədən qırıb-çatıblar.
Bu şahlar üçün üsyana, məşrutəyə, inqilaba qalxmış kütlələrin milliyyəti heç bir rol oynamayıb, nankor xalq şahənşaha qarşı çıxır, vəssalam, demək, məhv edilməlidir – düşüncə belə olub.
Daha bir məsələ şah ailəsinin etnik kimliyidir. Pəhləvi sülaləsinin banisi Rza şahın kökəncə fars mənşəli olması belə şübhəlidir. Onun oğlunun – Məhəmmədrzanın anası Tacülmülk isə türk qızı, üstəlik, bakılıdır. O, rus-kazak ordusunun polkovniki Teymur Ayrumlunun qızı olub. Hazırkı vəliəhd Rza Pəhləvinin anasının da türk qızı Fərəh Diba olduğunu nəzərə alsaq, demək, vəliəhd Rza ən azı 75 faiz etibarilə Azərbaycan türküdür.
Ancaq bu, faktdır ki, Pəhləvi ailəsinin türkçülüyü təxminən yüz il Moskvada yaşamış və ömründə bir dəfə vətənə gəlməmiş, ana dilini bilməyən, yalnız rusca danlşan, düşünən Azərbaycan əsilli ailənin azərbaycanlılığı qədərdir.
Pəhləvilər nəsillikcə özlərini fars sayır, ari irqinə mənsub hesab edir, hətta yerli xalqlara kasta prizmasından yanaşır, xor baxırlar. Şah ailəsinin düşüncəsinə görə, xalq rəiyyətdir, onlar isə “mavi qan” daşıyan seçilmişlərdir.
Hazırda Rza Pəhləvinin hakimiyyətə iddiası da məhz bu düşüncədən doğur. O, şah ailəsinin vəliəhdi olaraq özünü artıq 47 ildir bağrından qopduğu xalqın rəhbəri, 83 milyon nəfər əhalisi olan böyük bir dövlətin başçısı olmağa hazır, qadir və haqlı bilir.
Nəyə görə? Bu adam harada çalışıb, dövlət rəhbəri olmaq üçün hansı iyerarxik pillələrdən keçib, nə kimi təcrübəyə, liderlik keyfiyyətinə malikdir? Heç nə. Sadəcə, şah oğludur şahlıq buna dədə-baba mirasıdır.
İran xalqı isə unutmayıb ki, onun atası da, babası da adil şah olmayıblar və məhz ona görə devriliblər, taxt-taclarını itirdikdən sonra mühacirətdə ölüblər.
Təkcə buradan aydındır ki, Pəhləvilər sülaləsi ilə İran xalqının siyasi izdivacı alınmır.
İndi belə bir düşüncə də var ki, oğul ataya cavabdeh deyil, ola bilər ki, uşaq vaxtından Qərbdə böyüyən, təhsil alan, Qərb dəyərlərini əxz edən Rza İranda dövlət başçısı olsa, ölkədə tamamilə yeni idarə üsulu tətbiq edər. Bəlkə də elə ola bilər.
Ancaq o boyda dövlət eksperiment meydanı ola bilməz. Rzanın gəlişi o gəliş deyil. Əgər o, qanuni, azad, şəffaf seçkilərdə xalqın əksəriyyətinin etimadını qazanaraq, prezident seçilsəydi, o zaman güman etmək olardı ki, onun idarəçiliyi fərqli olacaq. Rza Pəhləvi isə qanla, qırğınla gəlir, xalqı itaətsizliyə, molla rejiminə silah qaldırmağa, yəni vətəndaş müharibəsinə səsləyir. O, prezident olmaq istəmir, şah olmaq istəyir. Demək, o, hakimiyyətə yiyələnərsə, qəddar rejim quracaq və iqtidarını qanla, qırğınla sürdürəcək. Bu, 2+2 düstrurunun cavabı qədər sadə məsələdir.
Hazırda İran xalqınə böyük bir hissəsi suda boğulanın saman çöpünə xilas kəməri baxdığı kimi baxır. Onların şüuruna “kim olursa, olsun, təki xalqı mollakratiyadan qurtarsın” qənaəti hakim kəsilə bilər, ancaq yanılacaqları şübhəsizdir.
**
Bu arada məşhur iranlı müğənni-aktrisa Ququşun (Faiqə Atəşin) Rza Pəhləviyə dəstək verməsi təbiidir. 1960-70-ci illərdə Ququş şah ailəsinin sevimlisi olub, sarayın təntənəli tədbirlərində iştirak edib, hətta şahın hüzurunda “Səkinə dayqızı, lay-lay” mahnısını öz ana dilində, Azərbaycan türkcəsində oxuyub. O da “ötən günlərin parlaq xatirələri” ilə yaşayır.






