“Sahil” metrosu yaxınlığındakı keçidlərdə dəmir çəpərlərə hər gün təzə qızıl güllərin bağlanması diqqət çəkir.
Musavat.com xəbər verir ki, sosial şəbəkələrdə yayılan məlumata görə, sözügedən döngədə ötən il skuter qəzası baş verib.
Hadisə nəticəsində idmançı Ülviyyə Əhmədova həyatını itirib. Bildirilir ki, qızıl gülləri hər gün həmin əraziyə mərhum qızın atası gətirir.

Qeyd edək ki, hadisə ötən ilin iyul ayında Nəsimi rayonu ərazisində - Rəşid Behbudov və Dilarə Əliyeva küçələrinin kəsişməsində baş verib. 99-RN-005 dövlət qeydiyyat nişanlı “Mercedes” markalı avtomobil skuteri vurub. Skuteri idarə edən Ülviyyə Əhmədova hadisə yerində həyatını itirib.
“Xəzər” Yelkənli Qayıqlar İdman Klubunun üzvü olan Ülviyyə yelkən idman növü üzrə yarışlarda iştirak edib, bir sıra turnirlərdə mükafatlar qazanıbmış.
Şahanə Rəhimli
Musavat.com






