Xəbər verildiyi kimi, Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatları siyahısına daxil edib.
Bəs Aİ-nin bu addımı gələcəkdə SEPAH-a qarşı hansı addımların atılmasına hüquqi əsas yarada bilər?
Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri Çingiz Qənizadə Musavat.com-a bildirib ki, SEPAH-ın Aİ-nin terror təşkilatları siyahısına salınması gələcəkdə çox sərt və konkret tədbirlərin hüquqi əsasını formalaşdırır:
“Bu qərarla Aİ gələcəkdə hüquqi olaraq bir sıra ciddi addımlar ata bilər. Bir qurum terror təşkilatları siyahısına daxil edilirsə, onunla istənilən maliyyə əməliyyatı qadağan edilir, ona bağlı banklar, şirkətlər, fondlar, xeyriyyə qurumları avtomatik risk subyekti sayılır, Aİ ərazisində həmin qurumla əlaqəli aktivlərin dondurulması, müsadirəsi üçün hüquqi zəmin yaranır. SEPAH-a qarşı da bu addımların atılması ilk növbədə onun iqtisadi imperiyasına zərbə olacaq”.

Ekspertin sözlərinə görə, bundan başqa, terror təşkilatları siyahısına daxil edilməsi SEPAH üzvlərinin Avropa İttifaqı ərazisində cinayət məsuliyyətinə cəlb olunması üçün hüquqi əsas yaradacaq:
“SEPAH üzvü olmaq, SEPAH-a maddi və ya texniki dəstək vermək, SEPAH üçün lobbiçilik aparmaq Avropa İttifaqı ölkələrində terror fəaliyyətinə yardım kimi qiymətləndirilə bilər. Bu isə o deməkdir ki, Avropada olan SEPAH üzvləri həbs edilə, keçmiş SEPAH komandirləri belə istintaqa cəlb oluna bilər. Bu qərar həmçinin Aİ-yə imkan verir ki, SEPAH-ın Avropadakı informasiya şəbəkələrinə qarşı əməliyyatlar aparılsın, kiber fəaliyyətlər “terror aktı” kimi qiymətləndirilsin. Dənizlərdə SEPAH-a bağlı gəmilərin saxlanması, yüklərin müsadirəsi də bu qərarla beynəlxalq hüququn tələbi kimi əsaslandırıla bilər”.
Hüquqşünas sonda vurğulayıb ki, Aİ-nin qərarı SEPAH obyektlərinin “legitim təhlükə mənbəyi” kimi tanınmasına və gələcəkdə həmin təhlükə mənbəyinə qarşı hərbi əməliyyatlar keçirmək üçün hüquqi əsas verə bilər.
Etibar Seyidağa,
Musavat.com






