İnternetdə terrorçu və cihadçı ritorikanı mütəmadi izləyən Yaxın Şərq Media Tədqiqat İnstitutu (MEMRI) Azərbaycana qarşı təhdidlərin dərc olunduğunu bildirib.
Musavat.com bildirir ki, institutun məlumatına görə, bu təhdidlər İraqdakı şiə qrupları ilə əlaqəli Telegram kanallarında edilir.
Qeyd olunur ki, İranın dəstəklədiyi silahlı qruplar ABŞ-ın Tehrana qarşı hərbi əməliyyatlara başlaması halında Azərbaycandakı “Hüseynyun” fraksiyasının aktivləşəcəyi və "ABŞ və İsrailin maraqlarına qarşı zərbələr endirəcəyi" iddiası ilə bəyanatlar yayır.
İran İraqda bir sıra radikal şiə qruplarını, o cümlədən “Həşd əl-Şabi”ni dəstəkləyir və maliyyələşdirir. Bu təşkilat onların arasında ən güclüsü hesab olunur və 2014-cü ildə İŞİD-lə mübarizə aparmaq üçün yaradılıb. Bu gün “Həşd əl-Şabi” İraq təhlükəsizlik sisteminə xeyli dərəcədə inteqrasiya olunsa da, “Kataib Hizbullah”, “Bədr” və digərləri kimi bir çox şiə qrupları müstəqil fəaliyyət göstərməyə davam edir.
Yanvarın əvvəlində İran rejimi qonşu ölkədəki radikal şiə qruplarından minlərlə döyüşçünü səfərbər edib və onlardan xalq etirazlarını qəddarcasına yatırmaq üçün istifadə edib. Bu qruplar birbaşa SEPAH və onun Qüds Qüvvələri tərəfindən “Müqavimət Oxu”nun bir hissəsi kimi idarə olunur.
SEPAH tərəfindən yaradılan Azərbaycandakı “Hüseyniyun” qrupu da şəriət rejimi qurmaq planlarına xidmət edib. Lakin son illərdə Azərbaycan təhlükəsizlik xidmətləri bu təşkilatı faktiki olaraq məhv edib və onun bir çox fəalı həbs olunub. Bundan əlavə, rəsmi Bakı dəfələrlə öz ərazisinin İrana qarşı hərbi əməliyyatlar üçün istifadəsinə icazə verməyəcəyini bildirib. Buna baxmayaraq, həm ötən yay İsrailin hava hücumları zamanı, həm də ABŞ-ın hərbi qüvvələrini bölgəyə cəmləşdirməsi fonunda İran dairələri müharibə vəziyyətində Azərbaycan da daxil olmaqla, qonşu ölkələrdə “ABŞ və İsrailin maraqlarına qarşı zərbələr endiriləcəyini” bəyan edir...
Bu və gündəmdəki digər xəbərləri bu gün saat 11.00-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində müzakirə edəcəyik. Gündəmi qonağımız Real Partiyasının sədri Natiq Cəfərli ilə müzakirə edəcəyik. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.






