Qarabağdan köçüb Ermənistanda özünə yuva quran erməni separatçı quldurlar hər keçən gün revanşist ritorikanı gücləndirirlər.
Musavat.com xəbər verir ki, keçmiş “artsax müdafiə ordusu”nun komandiri Samvel Babayan Ermənistan hakimiyyətini tənqid edən açıqlamasında Qarabağ məsələsinin guya “bağlanmadığını” iddia edib. Babayan erməni cəmiyyətini yeni qarşıdurma psixologiyasına sürükləməyə çalışan açıqlamalar verirb. O, öz çıxışında Azərbaycanın ərazi bütövlüyü və regionda formalaşmış yeni siyasi reallıqları faktiki olaraq inkar edir, Qarabağdan köç etmiş ermənilərin geri qayıdışı mövzusunu yenidən siyasi manipulyasiya alətinə çevirir.
Samvel Babayandan bir neçə gün öncə isə separatçı dəstənin qondarma başçısı Samvel Şahramanyan sülhə qarşı olan faktiki olaraq yeni qarşıdurmaya səsləyən çağırışlar edib.
Qarabağdan getmiş terrorçuların son günlər aktivləşməsi nə ilə bağlıdır? Paşinyan sülh məsələsində səmimidirsə, Samvel Babayan kimi cinayətkarlarla bağlı tədbir görməli deyilmi? Samvel Babayan barəsində Azərbaycanda cinayət işi açıldığı məlumdur. Onu və onun kimilərini bir gün qandallamaq mümkün olacaqmı?

Elman Nəsirov
Deputat Elman Nəsirov Musavat.com-a bildirib ki, Ermənistanda revanşizm mövcuddur və onlar Azərbaycanla müharibə vəziyyətinə qayıtmağa əlverişli məqam axtarırlar: “Azərbaycana qarşı öz çirkin niyyətlərini yenidən həyata keçirməyə məqam axtarırlar və görünür ki, regionda, dünyada cərəyan edən siyasi proseslər kontekstində onlar bir qədər gözləmə mövqeyinə keçirlər, sonra fəallaşırlar. Situasiyaya adekvat olaraq passivlik və aktivlik göstərirlər. İndi revanşistlər yenidən fəallaşmağa başlayıblar. Samvel Babayan, Samvel Şahramanyan və onların terrorçu "silahdaşları" da revanşistlərin sıralarında olanlardır. Onlar erməni cəmiyyətini xəyallara inandırmağa çalışırlar. Məqsədləri bütün cəmiyyətdə revanşizm əhvalını yaratmaqdır. Samvel Babayan-Samvel Şahramanyan cütlüyünə həm də yəqin ki, xaricdən göstəriş verilməyə başlayıb. Görünür, bu da separatçılarda bir arxayınlıq sindromu formalaşdırmağa başlayıb ki, bəlkə də qaytardılar. Biz hesab edirik ki, Nikol Paşinyan və hökuməti bu vəziyyətə, separatçıların açıq-aşkar sülh prosesinə qarşı fəaliyyətə keçməsinə seyrçi qalmamalıdır. Paşinyan hökuməti doğrudan da sülh müqaviləsini imzalamaqda maraqlıdırsa, onda sülh prosesinə arxadan zərbə endirən Samvel Babayanı, Samvel Şahramanyanı və onlar kimi ünsürləri həbs etməlidir. Həmin ünsürlər hüquqi müstəvidə cəzalarını almalıdır. Separatçıların Ermənistanda cücərtisi belə qalmamalıdır. Onların qalması regionda sülhə əngəl olmaqla yanaşı, Nikol Paşinyan hakimiyyətinə də təhlükə mənbəyidir. Ona görə də Paşinyan nə qədər gec deyil, separatçı-terrorçu ünsürlərin Ermənistandakı yuvalarını dağıtmalıdır. Paşinyan bunu etməsə, Babayan və Şahramanyanı, onların terrorçu ətraflarını həbsə atmasa, qarşıdakı parlament seçkilərində həmin separatçı quldurlar Ermənistanı qarışdıracaqlar. Paşinyan hökumətinin onlara qarşı hərəkətə keçməsinin vaxtı çatıb".
Etibar SEYİDAĞA,
“Yeni Müsavat”






