Sevgililər Gününə bir neçə gün qalmış münasibətlərdə gözlənilməz gərginlik yaşanır.
Musavat.com xəbər verir ki, məhz 14 fevraldan əvvəlki çərşənbə axşamı il ərzində ayrılıqların ən çox qeydə alındığı gün hesab olunur və bu tarix qeyri-rəsmi olaraq “Qırmızı çərşənbə axşamı” adlandırılır.
Araşdırmalar və psixoloji müşahidələr göstərir ki, bu dövrdə insanlar münasibətlərə daha tənqidi yanaşmağa başlayır. Artan gözləntilər, emosional təzyiq və bayramla bağlı sosial müqayisələr mövcud problemləri daha da qabardır. Nəticədə uzun müddət yığılan narazılıqlar məhz bu gün açıq şəkildə üzə çıxır.
Mütəxəssislərin fikrincə, ayrılıqların bir səbəbi də maddi amillərlə bağlıdır. Bahalı hədiyyələr, restoran xərcləri və “ideal romantika” təzyiqi bəzi cütlüklər üçün əlavə stress yaradır. Bu stress isə münasibətin davam etdirilməsinə marağı azaldır.
Psixoloqlar bildirir ki, Sevgililər Günü ərəfəsində verilən qərarlar çox vaxt emosional olur və sonradan peşmanlıq yarada bilər. Onlar belə məqamlarda tələskən addımlar atmamağı, açıq ünsiyyət qurmağı və problemin kökünə enməyi tövsiyə edirlər.
Musavat.com






