Rusiyanın siyasi elitasının istifadə etdiyi bildirilən daha bir yaxtanın Türkiyəyə yollanması diqqət çəkib.
Musavat.com xəbər verir ki, bu barədə Rusiya mediası MarineTraffic xidmətinin məlumatlarına istinadən yazıb.
Nəşrin məlumatına görə, 71 metrlik "Victoria" yaxtası iyunun 26-da Krasnodar diyarından yola düşüb. Gəmi iyunun 28-də Bosfor boğazını keçərək bir sutkadan çox İstanbulda lövbər salıb. Daha sonra isə Bodrum istiqamətində hərəkətini davam etdirib. Onun axşam saatlarında Türkiyə kurortuna çatacağı gözlənilir.
Məqalədə qeyd olunur ki, bundan bir gün əvvəl 82 metrlik "Graceful" yaxtasının da Türkiyəyə doğru yola çıxdığı məlum olmuşdu. Danimarkanın DR Verifier nəşrinin məlumatına görə, həmin yaxtanı Rusiya hərbi esminesi və "Voyevoda" qəza-xilasetmə gəmisi müşayiət edir.
Veirlən məlumata əsasən, "Graceful" marşrutu ilə bağlı məlumatlar yayımlandıqdan sonra yaxta transponderini söndürüb. Son siqnal Danimarka ilə İsveç arasındakı Skagerrak boğazında qeydə alınıb. Lakin onu müşayiət edən "Voyevoda" gəmisi yerini göstərməyə davam edir. Son siqnal Norveçin Stavanger şəhəri yaxınlığında qeydə alınıb.
Nəşrin iddiasına görə, "Victoria" yaxtası Rusiyada nüfuzlu iş adamlarından sayılan Gennadi Timçenko ilə əlaqəli strukturlara məxsusdur. 71 metrlik superyaxta Rusiyanın atom sualtı qayıqlarının da inşa edildiyi "Sevmaş" zavodunda tikilib.
Musavat.com






