İnsanlara hürriyət, millətlərə istiqlal!

“Sıx qrafik”in izahı:  İmperiya jestlərinə diplomatik “yox”

586 23.12.2025 17:35 Ölkə A A

“Rusiya–Azərbaycan münasibətləri gərgin fonda davam edir. Bu gərginlik təkcə AZAL-a məxsus mülki təyyarənin vurulması ilə bağlı deyil. Məsələnin kökü daha dərindir və Azərbaycanın tədricən Rusiya məkanından uzaqlaşaraq Avropa və Qərb inteqrasiya proseslərinə qoşulması ilə birbaşa əlaqəlidir”.

Bunu Musavat.com-a açıqlamasında politoloq Qulamhüseyn Əlibəyli bildirib.

Onun sözlərinə görə, Azərbaycan artıq Rusiyanın diktə etdiyi şərtlərlə hərəkət etmək niyyətində deyil:

Qulamhuseyn-Əlibəyli.jpg (66 KB)

“Rusiya uzun illər müxtəlif formalarda Azərbaycana təzyiq göstərməyə, onu öz siyasi təsir dairəsində saxlamağa çalışıb. Moskva kobud müdaxilələrdən çəkinmir. Bununla bağlı tarixdə kifayət qədər nümunələr var. Rusiya səmasında Polşa prezidentinin də olduğu təyyarənin vurulması faktı buna misaldır. Həmin hadisə də rəsmi olaraq qəza kimi təqdim olundu və Rusiya məsuliyyəti üzərinə götürmədi. Eyni yanaşmanı AZAL-a məxsus təyyarə ilə bağlı insidentdə də gördük. Moskva bu hadisəni də adi qəza kimi qələmə verməyə çalışdı. Bu, Rusiyanın siyasi davranış modelidir”.

Politoloq qeyd edib ki, Azərbaycanın mövqeyi aydındır: Rusiya qonşu dövlətdir və onunla normal münasibətlərin saxlanılması vacibdir. Lakin Moskva bu münasibətlərdə qarşılıqlı hörmət nümayiş etdirmək istəmir:

“Rusiya daim kobud, aqressiv və yırtıcı davranış sərgiləyir. Belə bir vəziyyətdə Prezident İlham Əliyevin Sankt-Peterburqa getməməsi tamamilə doğru və düşünülmüş addımdır. Çünki orada hər cür təxribat ehtimalı mövcuddur. Rusiya hazırda nə beynəlxalq ictimaiyyət qarşısında, nə də ayrı-ayrı dövlətlər qarşısında götürdüyü öhdəlikləri yerinə yetirir. Bu isə riskləri artırır. Xüsusilə Rusiyanın hava məkanından istifadə hər zaman təhlükə mənbəyi olaraq qalır”.

Qulamhüseyn Əlibəyli vurğulayıb ki, yaranmış şəraitdə Azərbaycanın təhlükəsizlik və siyasi maraqları hər şeydən öndə dayanmalıdır.

Qeyd edək ki, Prezident Administrasiyasının açıqlamasına görə, Azərbaycan Avrasiya İqtisadi İttifaqına üzv olmadığı üçün Prezident İlham Əliyev dekabrın 21-də keçirilmiş Ali Avrasiya İqtisadi Şurasının iclasında iştirak etməyib. Dövlət başçısı ötən gün MDB dövlət başçılarının Sankt-Peterburq şəhərində keçirilən qeyri-rəsmi Zirvə görüşünə isə iş qrafikinin sıxlığı səbəbindən qatılmayıb.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR