Almaniyanın Münhen şəhər məhkəməsi “Azərbaycan işi” deyilən süni şişirdilmiş proseslə əlaqədar Xristian Demokrat İttifaqından AŞPA- nın keçmiş deputatı Aksel Fişeri 1 il 8 aylığa şərti olaraq azadlıqdan məhrum edib. Fişer 32 min avro kompensasiya ödəməlidir. Bunun 20 mini guya onun aldığı rüşvət, 12 mini isə kompensasiyadır.
Məhkəmə hakimi guya sübut edilmiş cinayət kimi təsdiqləyərək Fişeri Azərbaycandan rüşvət almaqda ittiham edib. Sənədlərdə deyilir ki, Fişer uzun müddət məhkəməyə gəlməkdən imtina edib və bu səbəbdən onu məhkəməyə məcburi qaydada gətiriblər. Demək ki, Fişer haqsız və qərəzli ittiham olunduğunu ilk başdan yaxşı bilirmiş və bu prosesə ciddi baxmırmış.
Politoloq Aydın Quliyev deyib ki, maraqlıdır, Almaniya mediası Fişerin Azərbaycandan rüşvət aldığı üçün mühakimə və məhkum edilməsini çox geniş işıqlandırıb:
“Daha maraqlı odur ki, media Fişerin Azərbaycandan hansı iş üçün rüşvət aldığını da geninə-boluna təbliğ edib. Görünür ki, Fişerə qarşı irəli sürülmüş ittihamın sonda AŞPA-nın və Almaniyanın özünə qarşı ifşaedici fakta çevrilə biləcəyini nəzərə almayıblar”.

Onun fikrincə, əvvəla, Fişerin Azərbaycandan rüşvət aldığını iddia edən Almaniya məhkəmələridir:
“Bu məhkəmələrin isə Azərbaycana daim qərəzli və təzyiq ritorikası ilə yanaşan siyasi dairələrin təsiri altında olduğunu istisna etmək olmaz. Ötən ilin yayında Litner adlı başqa alman deputatını da bu adla həbsə atıblar. İkinci, Fişeri ittiham edirlər ki, o, 2016-cı ildə AŞPA- da Dağlıq Qarabağ problemi müzakirə olunarkən Azərbaycanın mənafeyinə uyğun mövqe tutub. Təsəvvür edirsinizmi bu nədir? Azərbaycan həmişə çalışıb ki, AŞPA- da və digər beynəlxalq qurumlarda Azərbaycanın haqqına ədalətlə yanaşılsın və sənədlərdə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı bir təcavüz faktı kimi qeyd edilsin”.
Alman məhkəmələri Azərbaycandan nə istəyir? Bu qərəzin arxasında duran əsas hədəf nədir?
Musavat.com-a danışan siyasi şərhçi Heydər Oğuz bildirib ki, alman məhkəməsinin keçmiş deputat haqqında həbs qərarı sadəcə hansısa mülahizələrə söykənir və adətən, isbat olunmamış iddialar hökm çıxarmaq üçün əsaslı dəlil sayıla bilməz:
“Məhkəmənin çıxardığı bu qərar Fişeri günahkar saymaq üçün əsaslı sayıla bilməz. Ən azı ona görə ki, Fişer mediaya verdiyi çox saylı açıqlamalarında Azərbaycandan rüşvət almadığını və böhtana məruz qaldığını bildirib. Alman prokurorlarının əlində Fişeri ittiham etmək üçün yetərli dəlillər də yoxdur. Onlar bir qrup jurnalistin araşdırmalarına əsasən bu iddianı qaldırıblar və məhkəmə isə Fişeri istintaqdan yayındığına görə göz altına alıb, sonra isə həbs qərarı çıxarıb”.
![]()
Onun sözlərinə görə, Fişerin Azərbaycandan rüşvət aldığını bir tərəfə qalsın, onun hətta düz-əməlli Azərbaycan müdafiəçisi olduğu da şübhəlidir:
“Hər halda AŞPA-nın 26 yanvar 2016-cı il tarixli qış sessiyasının iclasında müzakirəyə çıxarılan və Ermənistanın Qarabağ siyasətini ittiham edən iki hesabata ən çox qarşı çıxan deputatlardan biri Fişer idi. O, AŞPA-nın britaniyalı deputatı Robert Valterin hazırladığı "Dağlıq Qarabağ Respublikasında və Azərbaycanın digər işğal olunmuş ərazilərində zorakılığın artması" adlı hesabatı rədd edir və bunun ATƏT-in Minsk Qrupunun apardığı sülh danışıqlarına zərər verəcəyini bildirir, “Dağlıq Qarabağ münaqişəsinin həlli ATƏT-in Minsk Qrupunun himayəsi altındadır və biz ifadələrimizdə və müdaxilələrimizdə ehtiyatlı olmalıyıq”, - deyirdi. Halbuki Minsk Qrupunun bu münaqişənin həllində maraqlı olmadığı, mənasız yerə müzakirələri uzatdığı məlumdur. Xüsusilə II Qarabağ savaşında bu formatın nə qədər faydasız olduğunu Azərbaycan prezidenti İlham Əliyev də dilə gətirmiş, onun buraxılmasını tələb etmişdi. Ötən il Ermənistan da Azərbaycanın bu təşəbbüsünü dəstəkləmiş və Minsk qrupunun vasitəçiliyindən imtina edib onun buraxılması təşəbbüsünü dəstəkləmişdi. Ardınca da Minsk qrupunun özü də bu iddialarla razılaşmış və özünü buraxmışdı. Fişer isə bu faydasız qrupun vasitəçiliyini əsas gətirib Ermənistanın Qarabağda törətdiyi cinayətlərə göz yummağı təklif edirdi".
Ekspertə görə, sirr deyil ki, onun bu mövqeyi rəsmi Bakının mülahizələri ilə daban-dabana zidd idi:
"Elədirsə, onu necə Azərbaycanın lehinə iş görməkdə və bunun müqabilində rüşvət almaqda ittiham etmək olar? Axı söhbət uzaq tarixdən yox, 2016-cı ildən gedir. O dövrdən ki, Fişerin deputatlıq mandatının tamamlanmasına cəmi iki qalır və 1 ildən sonra – 2017-ci ildə onun adı Azərbaycandan rüşvət aldığı ittihamı ilə üzvü olduğu Xristian Demokratlar Partiyası tərəfindən Almaniyanın AŞPA-dakı yeni 18 nəfərlik nümayəndə heyətinin namizədləri siyahısından silinmişdi. Belə çıxır ki, Aksel Fişer eyni anda həm bizdən, həm də Ermənistandan rüşvət alır və hər iki dövlətin əleyhinə sənəd qəbul edilməsinin qarşısını alırmış? Azərbaycanla Ermənistanın bir-biri ilə qanlı bıçaq olduğu dövrlərdə bu nə qədər mümkündür?”
Cavanşir Abbaslı
Musavat.com






