Suriya hökuməti ilə SDQ (PKK/YPG-nin Suriya qolu) arasında atəşkəs və mərhələli inteqrasiya prosesini nəzərdə tutan yeni razılaşma imzalanıb.
Musavat.com xəbər verir ki, bu barədə Suriya Dövlət Televiziyası məlumat yayıb.
Məlumata görə, əldə olunan anlaşma çərçivəsində tərəflər silahlı toqquşmaları dayandırmaq və təhlükəsizlik strukturlarının tədricən birləşdirilməsi barədə razılığa gəliblər. Razılaşmaya əsasən, Suriya hökumət qüvvələri Həsəkə və Qamışlı şəhərlərinin mərkəzinə yerləşdiriləcək, eyni zamanda yerli təhlükəsizlik qüvvələri ilə koordinasiya ediləcək.
Bildirilir ki, bu proses SDQ-nin nəzarətində olan ərazilərin mərkəzi hökumətə mərhələli şəkildə inteqrasiyasını nəzərdə tutur və bölgədə təhlükəsizlik idarəçiliyinin vahid mexanizm üzərindən aparılması hədəflənir.
Xatırladaq ki, 24 yanvar 2026-cı il tarixində Suriya Müdafiə Nazirliyi YPG ilə mövcud olan atəşkəs rejiminin 15 gün müddətinə uzadıldığını elan etmişdi. Rəsmi açıqlamada Suriya Ərəb Ordusunun bütün hərbi əməliyyatları dayandırdığı bildirilmişdi.
Atəşkəsin uzadılmasının səbəbi kimi isə ABŞ-ın YPG-nin nəzarətində olan həbsxanalardan İŞİD üzvlərini İraqa köçürməsi prosesi göstərilmişdi. Yeni razılaşmanın bu həssas mərhələdə bölgədə daha genişmiqyaslı qarşıdurmaların qarşısını almağı hədəflədiyi vurğulanır.
Musavat.com






