İnsanlara hürriyət, millətlərə istiqlal!

SSRİ-də doğulmayanların SSRİ xiffəti – Absurd, təxribat, yoxsa...

2102 26.11.2025 12:37 Yazarlar A A

Sosial şəbəkələrdə keçmiş SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən bir qrup şəxs saxlanılıb. Daxili İşlər Nazirliyinin məlumatına görə, polis əməkdaşlarının keçirdiyi əməliyyatlarla Abdulla İbrahimli, İbrahim Əsədli və yürüşdə iştirak etmiş digər şəxslər müəyyən olunaraq saxlanılıb və barələrində cinayət işi başlanılıb.

İlkin istintaqla həmin şəxslərin başqa bir dövlətin dəstəyi və ayırdığı maliyyə hesabına ofis icarəyə götürərək qrup halında fəaliyyət göstərməsi və vaxtaşırı toplantılar həyata keçirməsi müəyyən olunub. Adı çəkilən şəxslərə məxsus ofis və mənzillərə baxış zamanı kommunist ideologiyasının təbliğinə yönəlik çox saylı materiallar, bayraqlar, radikallığı təbliğ edən kitab nüsxələri, CD-disklər və digər elektron cihazlar aşkarlanaraq götürülüb...

Bir qədər qəribədir, deyilmi? 11 ay sonra Azərbaycanın öz müstəqilliyini bərpa eləməsinin 35 ili tamam olacaq, bunlarsa ilin-günün bu vaxtında SSRİ və Azərbaycan SSR-in bayraqlarını təbliğ edirlər. Videodan da göründüyü kimi, halbuki onların öz ətraflına cəlb elədiyi insanların bir çoxu heç SSRİ-də, Azərbaycan SSR-də doğulmayıb. Yaxud “Şər İmperiyası” dağılanda uzağı, 4-5 yaşları olub.

Bunu saxlanılanların milli soyadlarından da görmək mümkündür - Əsədli, İbrahimli. Adama deyərlər, o zaman “o nə pəhriz, bu nə turşu?” Milli soyad nədir, milli dəyərə, üçrəngli milli bayrağa, suverenliyə, müstəqilliymizə həqarət nədir? Niyə də rus sonluqlu familiyalarda qalmamısınız?..

Əlbəttə ki, kifayət qədər narahatedici hadisədir. Hər şeydən öncə də böyük qurbanlar, minlərlə şəhid bahasına bərpa elədiyimiz müstəqilliyimizə təhdid, hörmətsizlik və üsyandır. Eyni zamanda, Konstitusiyamızın və müvafiq qanunların (“Dövlət bayrağı haqda” və s.) kobud pozulmasıdır. Sual yaranır: niyyət xoş idisə, nə üçün o bayraqların yanında üçrəngli bayrağımız yoxdur?..

Qəribəlik həmçinin ondadır ki, bu ilin mayında İmişlidə Saleh Səmədov rus imperiyanın başqa simvolu olan “Georgi lenti” ilə gündəmə gəlmişdi. Məgər bu adamlar həmin olaydan və Səmədovun aqibətindən bixəbərdir? Düşünmürük. İstisna deyil ki, söhbət artıq hansısa mərkəzləmiş və konkret hədəfi olan çevrələrin fəallaşmasından, yəni anti-Azərbaycan planlarından gedir.

WhatsApp Image 2025-11-26 at 12.23.11.jpeg (87 KB)

“Başqa bir dövlətin dəstəyi və maliyyəsi”nə gəlincə, çörəyi ağzına yeyənlərin hamısı bilir ki, bu Rusiyadır. O Rusiya ki, onun lideri Putin SSRİ-2 qurmaq arzusunu gizlətmir. “Rusiyanın yeganə və ən etibarlı müttəfiqi onun ordusudur”, “Rusiya indi öz tarixi torpaqlarını bir yerə yığmaqla məşğuldur” deyir. Hətta I Pyotrun açıq-aşkar heyranıdır.

Ukraynanın başına gətirilənlər həm də bunun anonsu deyilmi? O zaman siz kimin dəyirmanlına su tökürsünüz?

Bu xüsusda dövlətin sərt ön tədbirləri tam yerində. Məxsusən rusun burdakı “5-ci kolonu”na, daha dəqiqi, “sapı özümüzdən olan baltalara” qarşı loyallıq yolverilməzdir. Təkcə dövlət yox, ümumən cəmiyyət, toplum səviyyəsində. Əks təqdirdə, arxayınçılığımız bizə erməni işğalından da baha otura bilər.

Tarixdən düzgün dərs götürməyənlər onu təkrar yaşayır...

Z. SƏFƏROĞLU

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR