2023-cü ilin sentyabrındakı Xankəndi əməliyyatı ilə Azərbaycan Qarabağda suverenliyini tam bərpa etdi. Regionda illərlə davam edən münaqişə faktiki olaraq tarixə qovuşdu. Bundan sonra yaranan yeni reallıqlar fonunda Rəsmi Bakının mövqeyi açıq və dəyişməzdir: qarşılıqlı ərazi iddialarından imtina, dövlət sərhədlərinin tanınması, kommunikasiyaların açılması və hüquqi cəhətdən bağlayıcı sülh sazişinin imzalanması.
Bəs bu mərhələdə Ermənistan nəyi gözləyir? İrəvan hələ də müharibədən sonrakı reallığı tam qəbul etməyibmi? Sülh sazişinə imza atmaq üçün hansı maneələr qalır? Ermənistan rəhbərliyi daxili siyasi təzyiqlərdən və revanşist dairələrin təsirindən çıxa biləcəkmi? Yoxsa sülh yenə də daxili populizmə qurban veriləcək?
Digər tərəfdən, Ermənistanın tərəddüdündə xarici faktorların rolu nə qədərdir? Qərb və Rusiya arasında manevr edən İrəvan konkret seçim etmək iqtidarındadırmı? Beynəlxalq vasitəçilərin çağırışları real nəticə verəcəkmi, yoxsa proses yenə uzadılacaq?
Ən vacib sual isə budur: Ermənistan vaxtı uzatmaqla nə qazanır? Qarabağ mövzusu artıq bağlandığı halda, Ermənistan gecikmənin məsuliyyətini öz üzərinə götürməyə hazırdırmı? Sülh sazişi nə vaxt imzalanacaq və bu imza region üçün yeni bir dövrün başlanğıcı olacaqmı?
Milli Məclisin deputatı Azər Badamov Musavat.com-a dedi ki, Prezident İlham Əliyevin uzaqgörən daxili və xarici siyasəti Azərbaycanı dünya siyasi sisteminin etibarlı və nüfuzlu tərəfdaşına çevirib: "Azərbaycan körpüləri yandıran yox, körpüləri quran ölkədir. Bu baxımdan son 5 ildə yaratdığımız yeni reallıq regionumuza beynəlxalq marağın artmasına və ölkəmizlə əməkdaşlıq etmək istəyən ölkələrin sayının sürətlə çoxalmasına yol açıb. Azərbaycan formalaşan yeni dünya nizamında özünə məxsus yerə malikdir. Bu baxımdan Prezident İlham Əliyevin Davosa səfəri və səfər çərçivəsində keçirdiyi görüşlər Azərbaycanın bu gün dünya ölkələri arasında daha çox parıldadığını bir daha təsdiq etmiş oldu. ABŞ prezidenti Donald Trampın Davosda keçirdiyi iki görüşdən birinin Azərbaycanın Lideri ilə keçirməsi ölkəmizin dünyanın bir nömrəli dövləti ilə strateji tərəfdaş olduğunu bir daha təsdiq etmiş oldu. O cümlədən Qəzza Sülh Şurasının təsis tədbirində iştirakımız ölkəmizin dünyada baş verən proseslərə izləmə mövqeyində dayandığını yox, məhz yeni nizamın formalaşmasında iştirakçı olduğunu təsdiq etmiş oldu.
Bu gün Azərbaycan regional və qlobal dövlətlərlə qarşılıqlı fayda və hörmət əsasında əməkdaşlığı davam etdirməyə açıqdır. Amma ölkəmizə yuxarıdan aşağı baxmağa çalışan və 2020-2023-cü illərdə regionumuzda yaratdığımız yeni status-kvonu qəbul etmək istəməyənlərə də cavabımızı gecikdirmirik. Bəli, ölkəmiz xarici investisiyalara açıqdır və yeni əməkdaşlıqları qururuq. Həm də reallaşdırdığımız regional layihələri ilə dünya ölkələri arasında əməkdaşlıqların qurulmasına töhfələr veririk. Bu baxımdan reallaşdırdığımız iqtisadi layihələr dünya ölkələri ilə siyasi münasibətlərinin daha da möhkəmlənməsinə yol açıb. Azərbaycan həm qonşuları ilə, həm də uzaqda yerləşən ölkələrlə münasibətlərini genişləndirir. Qonşularımızla münasibətlərin inkişafı regionumuza dayanıqlı sülh gətirir. Bu baxımdan 30 il düşmən olmuş Ermənistana da yollarımızı açmışıq və kritik əhəmiyyətli neft məhsullarımızı ixcac etməyə başlamışıq. Bu baxımdan Azərbaycan həm də dünyada ədalət üzərində möhkəmlənən bir sülh nümunəsi yaradan çox nadir ölkələrdəndir".
Cavanşir Abbaslı,
Musavat.com






