Cənubi Qafqazda sülh prosesi son aylarda yenidən beynəlxalq gündəmin əsas mövzularından birinə çevrilib. Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanacağına dair nikbin bəyanatlar səslənsə də, proses hələ də yekun mərhələyə çatmayıb.
Bir tərəfdən İrəvan sülhə sadiq olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın uzun müddətdir irəli sürdüyü əsas şərtlərin, xüsusilə Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların aradan qaldırılması istiqamətində konkret addımların atılmaması suallar doğurur.
Son günlər Almaniyada keçirilən yüksəksəviyyəli Azərbaycan–Almaniya liderlərinin görüşlərində də Cənubi Qafqazdakı sülh prosesi diqqət mərkəzində olub. Almaniya Prezidenti Frank-Valter Ştaynmayer Prezident İlham Əliyevi sülh prosesində əldə olunan irəliləyiş münasibətilə təbrik edib, Berlin bölgədə davamlı sabitliyin təmin olunmasında maraqlı olduğunu nümayiş etdirib.
Digər tərəfdən, Ermənistan rəhbərliyi beynəlxalq platformalarda sülhə hazır olduğunu bəyan etsə əməldə bunu təsdiq edən addımlar atmır.
Ermənistan doğrudan da sülh sazişini imzalamağa hazırdır, yoxsa prosesi müxtəlif bəhanələrlə uzadaraq vaxt qazanmağa çalışır? Beynəlxalq aktorların, xüsusilə Avropa İttifaqı, ABŞ və Rusiyanın mövqeyi sülh prosesinə necə təsir göstərir? Yaxın aylarda yekun sülh sazişinin imzalanması nə qədər real görünür?
Milli Məclisin deputatı Könül Nurullayeva Musavat.com-da suallara belə cavab verdi: "Azərbaycanla Ermənistan arasında normallaşma prosesi hələ ki, yekun mərhələyə çatmayıb. Bunun da əsas səbəbi Ermənistanın dayanıqlı sülhlə bağlı rəsmi Bakının irəli sürdüyü şərtləri bu günə qədər yerinə yetirməməsidir.
Doğrudur, son dövrdə Azərbaycanın tranzit məhdudiyyətlərini aradan qaldırması, tərəflər arasında aparılan danışıqlar müəyyən irəliləyişin əldə olunduğunu göstərir. Həmçinin sərhədlərin delimitasiyası istiqamətində atılan addımlar, sülh sazişi layihəsinin mətninin paraflanması, beynəlxalq miqyasda müəyyən optimist bəyanatlar prosesin irəli getdiyini nümayiş etdirir. Yeri gəlmişkən, Almaniyada keçirilən yüksəksəviyyəli Azərbaycan–Almaniya görüşlərində də Cənubi Qafqazdakı sülh gündəliyi əsas müzakirə mövzularından olub. Almaniya rəhbərliyi regionda sabitliyin Avropa üçün də mühüm əhəmiyyət daşıdığını vurğulayaraq danışıqlarda əldə olunan irəliləyişi müsbət qiymətləndirib.

Lakin danışıqların hələ də yekun nəticə verməməsi Ermənistanın siyasi iradəsindən birbaşa asılıdır. Rəsmi Bakı haqlı olaraq hesab edir ki, Ermənistan Konstitusiyasında Azərbaycana qarşı mümkün ərazi iddialarını əks etdirən müddəaların dəyişdirilməsi, eləcə də dövlətlərarası münasibətlərin hüquqi əsaslarının tam formalaşdırılması uzunmüddətli sabitlik üçün vacib şərtlərdən biridir. Bu məsələlər həll olunmadan imzalanacaq istənilən sənəd gələcəkdə yeni hüquqi və siyasi mübahisələr yarada bilər.
Ermənistan rəhbərliyi beynəlxalq platformalarda sülhə sadiq olduğunu bəyan edir. Baş nazir Nikol Paşinyan regionda kommunikasiyaların açılması, iqtisadi əməkdaşlıq və normal qonşuluq münasibətlərinin qurulmasının vacibliyini vurğulayır. Bununla belə, daxili siyasi mühitdə fərqli mənzərə müşahidə olunur. Revanşist ritorikanın tam aradan qalxmaması, separatçı qurumun hələ də tam ləğv olunmaması və konstitusiya dəyişiklikləri ilə bağlı konkret vaxtın açıqlanmaması müəyyən suallar yaradır.
Bir tərəfdən düşünmək olar ki, Ermənistan hazırkı geosiyasi şəraitdə beynəlxalq dəstəyi itirməmək və regional balansın necə dəyişəcəyini gözləmək məqsədilə prosesi uzatmağa çalışır. Digər mənzərə ondan ibarətdir ki, Ermənistan iqtidarı daxili siyasi müqaviməti dəf etməkdə acizdir və ya belə bir görüntü yaratmağa çalışır".
Parlamentari hesab edir ki, beynəlxalq aktorların mövqeyi də sülh prosesinin dinamikasına birbaşa təsir göstərir: " Avropa İttifaqı regionda uzunmüddətli sabitliyin təmin olunmasının enerji təhlükəsizliyi və regional əməkdaşlıq baxımından vacibliyini bəyan edib. ABŞ isə tərəfləri sülh sazişini imzalamağa təşviq edir və təsadüfi deyil ki, sülh sazişinin mətni də məhz Vaşinqtonun ev sahibliyi ilə paraflanıb. Hazırkı mərhələdə görünən budur ki, tərəflər arasında hərbi qarşıdurmanın yenidən baş qaldırması riski az olsa da yekun sənədin yubanması bu ehtimalı tam sıfırlamır. Yekun sülh sazişinin imzalanması üçün siyasi etimadın gücləndirilməsi, Ermənistan tərəfindən praktik addımların atılması zəruridir".
Cavanşir Abbaslı
Musavat.com






