Dərsdə saqqız çeynəyən şagirdin müəllim tərəfindən alçaldıcı rəftara məruz qaldığı haqda məlumat yayılıb. Belə bir iddia ilə Xəzər TV-yə Suraxanı rayon sakini Ceyran Kazımova müraciət edib.
Onun sözlərinə görə, 315 nömrəli tam orta məktəbin müəllimi Rahibə Zəkiyeva 8-ci sinif şagirdi H.B.-dən çeynədiyi saqqızı öz saçına yapışdırmağı tələb edib, daha sonra onun saçını kəsib. Valideyn hadisədən sonra 15 yaşlı oğlunun ciddi psixoloji travma aldığını, psixoloq müayinəsində olduğunu vurğulayıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən isə bildirilib ki, valideynin hüquq-mühafizə orqanlarına müraciəti əsasında aparılmış araşdırmanın nəticəsinə görə, irəli sürülən iddia əsassız hesab edilib və bununla bağlı rəsmi qərar qəbul olunub. Eyni zamanda, məktəbdaxili araşdırma da aparılıb və müəllim, valideyn və şagirdə müvafiq tövsiyələr verilib.
Qeyd olunub ki, Elm və Təhsil Nazirliyinin Uşaq Müdafiəsi İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən məsələ ilə bağlı əlavə araşdırmalar da davam etdirilir. Nazirliyin nümayəndələri məktəbdə olaraq şagird davranış qaydalarının icrasına nəzarətin gücləndirilməsi və təlim-tərbiyə prosesində uyğun olmayan halların qarşısının alınması üçün maarifləndirmə işlərinin genişləndirilməsi barədə tapşırıqlar veriblər.
Bu hadisə şuluq şagird-tənbeh edən müəllim mövzusunu yenidən gündəmə gətirir. Bəs hüquq nə deyir və “qızıl orta” haradan keçir? Müəllim şagirdi necə tənbeh edə bilər? Şagird dərsdə tutaq ki, saqqız çeynəyə bilərmi?

Vəkil Ramil Süleymanov mövzu ilə bağlı Musavat.com-a fikrini bölüşüb: “Valideynlərlə məktəb arasındakı münasibətlər təhsil müəssisəsinin daxili nizamnaməsi əsasında tənzimlənir. Müəllimlər onsuz da işə qəbul olunarkən müxtəlif imtahan və qiymətləndirmə mərhələlərindən keçirlər. Bundan əlavə, onların fəaliyyəti mütəmadi olaraq sertifikasiya vasitəsilə yoxlanılır. Bu prosesdə yalnız müəllimlərin bilik səviyyəsi yox, həm də onların psixoloji vəziyyətləri və Elm və Təhsil Nazirliyi tərəfindən tətbiq olunan kurrikulum sisteminin tələblərinə hazırlığı da qiymətləndirilir. Kurikulum sisteminin əsas tələblərindən biri də budur ki, nizam-intizam qaydalarını pozan şagirdlərə qarşı daha öyrədici və tərbiyəvi yanaşma nümayiş etdirilməlidir. Məqsəd, müvafiq tədbirlər vasitəsilə neqativ davranışı pozitivə doğru dəyişməkdir”.
Vəkil əlavə edib ki, mövcud hadisədə şagirdin 15 yaşı olmasını nəzərə alaraq, onun törətdiyi qayda pozuntusu həm şagirdin, həm də müəllimin prizmasından məktəb rəhbərliyi tərəfindən hərtərəfli araşdırılmalıdır: “Şagirdə nəzərən araşdırıldıqda, əgər bu şagird etik qaydaları mütəmadi olaraq pozursa, yoldaşlarına qarşı kobudluq edirsə və məktəbin daxili nizam-intizamına tabe olmursa, vaxtında lazımi tədbirlər görülməli idi. Hətta ehtiyac yaranardısa, valideyndən şagirdin başqa məktəbə köçürülməsi belə tələb oluna bilərdi.
Amma şagirdin davranışları nə qədər qüsurlu olsa da, bu, müəllimin ona qarşı kobud rəftar etməsinə əsas vermir. Müəllimlər artıq dərk etməlidirlər ki, keçmişdə qalan sərt cəzalandırma üsulları müasir təhsil sistemində qəbulolunmazdır. Xüsusilə indiki dövrdə, yetkinlərin psixoloji durumunun həssas olduğu bir vaxtda, uşaqların da psixologiyasında müəyyən gərginliklərin olması qaçılmazdır. Bu səbəbdən şagirdlərlə daha diqqətli davranılmalıdır”.
Ramil Süleymanov hesab edir ki, məktəb rəhbərliyi və Elm və Təhsil Nazirliyi müəllimin bu davranışı ilə bağlı qəti tədbirlər görməlidir: “Müəllimlərin etik davranış qaydalarının və əmək intizamının pozulması səbəbindən onun barəsində intizam tənbehi tətbiq edilməli və bu barədə ictimaiyyətə məlumat verilməlidir. Digər tərəfdən, şagirdin dərs zamanı saqqız çeynəməsi də yolverilməzdir. Bu, dərsin ümumi gedişatına mane olur və ədəb qaydalarının pozulması deməkdir.
Məktəb təkcə bilik deyil, həm də tərbiyə və davranış qaydalarının öyrədildiyi bir məkandır. Şagirdlərin mənfi hərəkətləri digər uşaqlara da pis nümunə ola bilər. Buna görə də, qaydaları pozan şagirdləri intizama dəvət edərkən mütləq daha pedaqoji və tərbiyəvi metodlardan istifadə olunmalıdır”.
Afaq Mirayiq,
Musavat.com






