Rusiyanın Tambov vilayətində, Miçurinsk şəhəri yaxınlığında benzin daşıyan yük qatarının relsdən çıxması nəticəsində güclü partlayış və yanğın baş verib.
Musavat.com xəbər verir ki, hadisə zamanı bir neçə yanacaq sisterni zədələnib, nəticədə böyük həcmdə benzin əraziyə dağılıb.
Məlumata görə, yanacaq qısa müddət sonra alışaraq partlayışa və genişmiqyaslı yanğına səbəb olub. Hazırda ən azı beş sisternin yandığı bildirilir. Hadisə yerindən qalxan qatı tüstü ətraf ərazilərdən də müşahidə olunub.
Qəza baş verən istiqamətdə dəmir yolu hərəkəti tamamilə dayandırılıb. Yanğının söndürülməsi və təhlükəsizliyin təmin olunması üçün əraziyə fövqəladə hallar xidmətinin qüvvələri və xüsusi texnika cəlb edilib.
İlkin məlumatlara əsasən, qatarın maşinisti ağır yanıq xəsarətləri alıb və xəstəxanaya yerləşdirilib. Digər xəsarət alanlarla bağlı hələlik rəsmi açıqlama verilməyib.
Musavat.com






