İnsanlara hürriyət, millətlərə istiqlal!

Təbrizdən Əhvaza qədər üsyan: İran rejimi nəzarəti itirir?

831 13.01.2026 17:31 Gündəm A A

İranda etiraz dalğası yenidən genişlənir. Təbriz, Urmiya və Əhvazda baş verən kütləvi aksiyalar ölkədə ictimai-siyasi gərginliyin yeni mərhələyə qədəm qoyduğunu göstərir. Xüsusilə Güney Azərbaycanın mərkəz şəhərlərində baş verən proseslər diqqət mərkəzindədir. Bu gün Urmiyada etirazçıların küçələrə çıxması və təhlükəsizlik qüvvələri ilə qarşıdurmanın yaşanması vəziyyətin nə qədər kritik olduğunu ortaya qoyur.

Paralel olaraq Təbrizdə fəal əhali ölkə miqyasında baş verən hadisələrə münasibət bildirərək yürüş təşkil edib və son iğtişaşları “terrorçu hərəkətlər” kimi qiymətləndirib. Bütün bu proseslər fonunda İran prezidenti Məsud Pezeşkianın Tehranda keçirilən hökumətyönlü mitinqə verdiyi sərt və ideoloji çalarları olan açıqlamalar diqqət çəkir.

Prezident mitinqi “ölkənin düşmənlərinin planlarını pozan misilsiz addım” adlandıraraq, aksiyanın həm daxili auditoriyaya, həm də xarici qüvvələrə açıq mesaj daşıdığını vurğulayıb. Pezeşkianın çıxışında ABŞ və “muzdlu qüvvələr”ə yönəlik xəbərdarlıq ritorikası isə İran hakimiyyətinin etirazlara yanaşmasının hələ də təhlükəsizlik və düşmən obrazı üzərindən formalaşdığını göstərir.

Bəs Təbriz, Urmiya və Əhvazda paralel şəkildə baş verən bu hadisələr nəyi ifadə edir? Hakimiyyətin eyni vaxtda həm etirazları yatırmaq, həm də hökumətyönlü mitinqlərlə güc nümayiş etdirmək cəhdi hansı nəticələrə gətirib çıxara bilər?

Mövzu ilə bağlı politoloq Elxan Şahinoğlu Musavat.com-a danışıb.

elxan.jpg (68 KB)

Politoloq qeyd edib ki, İran prezidenti Məsud Pezeşkian hazırda son dərəcə çətin və ziddiyyətli bir vəziyyətlə üz-üzə qalıb:

“Etirazlar yeni başlayanda o, nisbətən yumşaq və ehtiyatlı mövqe nümayiş etdirərək polis qüvvələrinə etirazçılara qarşı zorakılıq tətbiq etməməyi tövsiyə etdi, problemlərin güc yolu ilə deyil, dialoq vasitəsilə həll olunmalı olduğunu bildirdi. Pezeşkianın bu mövqeyi cəmiyyətdə müəyyən ümidlər yaratmışdı. Lakin etirazlar genişləndikcə, ölkənin müxtəlif bölgələrini əhatə etdikcə və qarşıdurmalar sərtləşdikcə prezidentin ritorikası da dəyişməyə başladı.

Vəziyyətin gərginləşdiyi bir məqamda Pezeşkian mühafizəkarların təşkil etdiyi hökumətyönlü mitinqdə iştirak etmək məcburiyyətində qaldı və hadisələrin arxasında ABŞ ilə İsrailin dayandığını bəyan etdi. Bununla da faktiki olaraq İranın ali dini liderinin uzun illərdir səsləndirdiyi tezisləri təkrarlamış oldu. Halbuki bu günlər ərzində minlərlə insanın həlak olduğu, onlarla şəhərdə qanlı qarşıdurmaların yaşandığı bir şəraitdə Pezeşkian yenə də atəş açılmamasını, dialoqun qurulmasını vacib saydığını deyirdi. Amma nə dialoq baş tutdu, nə də etirazlar səngidi. Əksinə, gərginlik getdikcə daha da dərinləşdi”.

Politoloq vurğulayıb ki, ilk günlərdə ehtiyatlı və müşahidəçi mövqedən çıxış edən soydaşlarımızın da bu etiraz dalğasına qoşulmasının əsas səbəblərindən biri Tehranda səslənən Pəhləviyönlü şüarların Güney azərbaycanlılar tərəfindən qəbul edilməməsidir:

“Azərbaycanlılar dəyişiklik istəyir, rejimin dəyişməsini arzulayır, lakin bu dəyişiklik Pəhləvi sülaləsinin geri dönüşü ilə assosiasiya olunmur. Yəni etiraz edən kütlələr arasında həm rejimə qarşı ciddi narazılıq var, həm də alternativ olaraq köhnə monarxiya modelinə qayıdışa açıq etiraz mövcuddur. Artıq İranın bir çox əyalətində etirazlar fasiləsiz şəkildə davam edir. Ölənlərin sayının artmasına baxmayaraq, gərginlik azalmır, əksinə, daha təhlükəli mərhələyə qədəm qoyur. Hətta mühafizəkar sistem bu dəfə də kütləvi zorakılıq və qırğınlar hesabına etirazları müvəqqəti olaraq yatıra bilsə belə, bu, artıq geridönüşü olmayan proseslərin başlanğıcı ola bilər. Çünki zor gücünə susdurulan narazılıq daha dərin və daha dağıdıcı şəkildə geri qayıdır.

Digər tərəfdən, ölkə ağır iqtisadi böhran içindədir. Etirazların başlanmasının əsas səbəbi də məhz iqtisadi amillərlə – inflyasiya, qiymət artımı və yaşayış səviyyəsinin kəskin aşağı düşməsi ilə bağlı idi. Dükan sahibləri, kiçik və orta sahibkarlar hökumətdən inflyasiyaya qarşı real və effektiv tədbirlər görməsini tələb edirdilər. Bəs bu tədbirlər görüldümü? Reallıq göstərir ki, yox.

Tutaq ki, etirazlar sərt üsullarla yatırıldı. Bəs bundan sonra iqtisadiyyat normallaşacaqmı? İnflyasiya aşağı düşəcəkmi? Sanksiyalar aradan qalxacaqmı? Cavablar bəllidir. Sanksiyalar davam edir, iqtisadi təzyiqlər azalmaq əvəzinə daha da güclənir. Bu isə İran iqtisadiyyatının daha ağır vəziyyətə sürüklənməsi deməkdir. Belə bir şəraitdə sosial narazılığın yenidən və daha güclü şəkildə alovlanması qaçılmaz görünür”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR