Bölgədə İran təsiri açıq, Rusiya mövcudluğu görünən, ABŞ isə yeni planlarla səhnədədir. Sünikin sərt qayaları, dərin dərələri, küləyin qopardığı toz, Meğri stansiyasının üstündə paslanan relslər...
Bu unudulmuş məkanda indi təkcə Cənubi Qafqazın deyil, böyük dövlətlərin maraqları toqquşur. Meğri illərlə tərk edilmiş dəmir yolunun sükutunu qoruyurdu, amma indi həmin relslərin taleyi bütün regionun siyasi xəritəsini dəyişə bilər.
Musavat.com xəbər verir ki, BBC-nin bölgəyə ezam olunan müxbiri yazır ki, bu məkrli sükutun arxasında yeni bir qlobal oyun başlayıb.
Söhbət Donald Trampın təşəbbüsü ilə irəli sürülən “Beynəlxalq Sülh və Rifah üçün Tramp marşrutu”ndan, Ermənistanın ən cənub nöqtəsindən keçəcək, İran, Azərbaycan və Türkiyə sərhədlərinin kəsişdiyi strateji dəhlizdən gedir. Layihə 99 il müddətinə Amerika şirkətləri tərəfindən idarə olunacaq və təkcə dəmir yolunu deyil, neft-qaz kəmərlərini, fiber-optik infrastrukturu, yəni bütöv bir kommunikasiya arteriyasını əhatə edəcək. Bu gün Meğridə külək köhnə vaqonların paslı qapılarını cingildədərsə, sabah həmin qatarlar Naxçıvanla Azərbaycan arasındakı yeni strateji xəttin ilk sərnişinlərini daşıya bilər. Xarabalığa çevrilmiş relslərin qarşısında Ermənistan və Azərbaycanın “artıq müharibə yoxdur” mesajları bir qədər inam, bir o qədər də ehtiyat doğurur. Çünki Sünik bölgəsi hələ də sadə coğrafiya deyil. Hazırda Ermənistan-İran sərhədini hələ də Rusiya sərhədçiləri qoruyur, yollar boyunca İran nömrəli yük maşınları dayanmadan hərəkət edir, farsdilli işçilər kənd yollarını təmir edir, bölgədə İran təsiri açıq, Rusiya mövcudluğu görünən, ABŞ isə yeni planlarla səhnədədir. Bu mənzərə fonunda əsas sual öz aktuallığını qoruyur - çoxmilyardlıq “Tramp marşrutu” ABŞ, İran və Rusiyanın bir-biri ilə zidd mövqeləri arasında necə yol tapacaq?
Sünik bu gün dünyanın böyük oyunçuları üçün kiçik, amma həlledici bir nöqtəyə çevrilib. “Tezliklə burada Qafqaz Amerikası olacaq” - bölgədə işləyən ermənilərdən biri belə deyir. Əlavə edir ki, Sünik üzərindəki xəritə artıq təkcə siyasətçilərin yox, supergüclərin də masasındadır.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com






